“Məni bezdirirlər, ailəmi təhdid edirlər ki, evimdən çıxım”

“Məni bezdirirlər, ailəmi təhdid edirlər ki, evimdən çıxım”

"2018-ci ildə 4700 manata 2 sot torpaq aldım. Torpağı satan Qoşqar Məmmədov mənə 50 il müddətinə etibarnamə verdi. Sənəd işlərindən çox da anlamıram deyə məni yola verdi, gedib rəsmiləşdirə bilmədik. Amma sonra o, həmin etibarnaməni ləğv etdirdi”.

Bu şikayətlə Qobu qəsəbə sakini Faiq Piriyev müraciət edib.

Şikayətçi bildirir ki, etibarnamə ləğv edildikdən sonra həmin torpaqda tikintisini başa çatdırdığı ev də avtomatik olaraq adından çıxıb: “Torpaq onların adına olduğu üçün onlar məni evimdən çıxartmaq istədilər. Bununla bağlı çox mübahisə yaşadıq. Məsələ o qədər böyüdü ki, məni Abşeron Rayon Məhkəməsinə verdilər. Proses boyunca qarşı tərəf yalançı şahidlə, əsassız dəlillərlə çıxış etdi. Guya ki, aldığım torpaqdakı evi mən yox, başqa adam Məmmədovlar üçün tikib. Pulla tutduqları şahid ev haqqında səhv məlumatlar verdi, evimin 2 otaqlı olduğunu, enini, uzunluğunu hamısını yanlış dedi. Qarşı tərəfə 4700 manat tələb qoyuldu. Yəni evi mənim tikdiyim tanınmadı. Bu, sadəcə torpağa verdiyim pul idi. Evə torpaqla birlikdə 37 mindən çox xərc çəkmişəm”.

F. Piriyev bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. O, bildirir ki, ümumilikdə 6 proses baş tutub: “Məhkəmənin ikinci prosesində ekspert təyin olundu. Baxış keçirdilər, 11 min manat qiymət çıxarıldı. Bununla razılaşmayıb vəkilimlə Əmlak Komitəsinə müraciət etdik. Onlar da gəlib baxış keçirdilər və evin dəyərinin 33 min 227 manat olduğunu bildirdilər. Bununla bağlı sənədləri məhkəmənin növbəti prosesində təqdim etdik. Lakin məhkəmə bu qərarı heçə sayıb yenidən 3-cü dəfə baxış üçün ekspert təyin etdi”.

Vətəndaş iddia edir ki, məhkəmə 3-cü dəfə ekspert təyin etsə də, baxış üçün evə heç kəs getməyib: “Bir gün qalmış mənə xəbər verdilər ki, sabah növbəti prosesdir. Son prosesdə məhkəmə evin 13 min 800 manat, torpağın isə 4700 satış dəyəri olduğuna qərar verdi. Lakin bu qərar heç bir baxış keçirilmədən qəbul olundu. Bu qiymətə ev almaq isə mümkün deyil. Verilən qərarla qarşı tərəfə 2 ay müddətinə vaxt verildi ki, iş sonra icraya keçilsin. Qərar qətnaməsi sistemdə çıxsa da, hələ ki, proses icra olunmayıb. Lakin verilən bu müddətdə Qoşqar Məmmədov və ailəsi məni rahat buraxmır”.

Faiq Piriyev bildirib ki, bütün qərarlar qarşı tərəfin xeyrinə verilsə də, onlar məhkəmənin təyin etdiyi məbləği də ödəməkdən boyun qaçırır: “Məni bezdirirlər ki, evimdən çıxım, heç o pulu da istəməyim. Ailəmi öldürməklə təhdid edirlər. Evimdə 6 nəfər mənə hücum etdi. Çəkiclə başıma zərbələr endirildi, uşaqları məktəbə qoymağa qorxuram. Bununla bağlı 102 polis xidmətinə, daha sonra Qobu Polis Bölməsinə müraciət etdik. Amma mən özümü müdafiə etmişəm. Bütün qərarlar əleyhimədir, çarəsizəm”.

Yaranmış vəziyyətlə bağlı tərəflər arasında qalmaqal baş verib. Faiq Piriyev Məmmədovlar ailəsinin onun evinə hücum edərək övladına xəsarət yetirdiyini də iddia edib. O, bunun əks olunduğunu bildirdiyi görüntüləri bizə təqdim edib.

Sözügedən görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli saytımıza bildirdi ki, hadisə barədə hər iki tərəfin DİN-in “102” xidmətinə etdikləri qarşılıqlı şikayət əsasında təhqiqat araşdırmaları aparılıb: “Müəyyən edilib ki, aprelin 11-də Abşeron rayonu, Qobu qəsəbəsində qeydə alınan dava-dalaş hadisəsi zamanı tərəflər bir-birinə qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetiriblər. Cinayət Prossesual Məcəllənin tələblərinə uyğun olaraq hadisə ilə bağlı toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib”.

Alqı-satqının hüquqi tərəflərinin izah edilməsi məqsədilə vəkil Qasım Şalıyevlə əlaqə saxladıq. Hüquqşünas saytımıza bildirdi ki, qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir: “Torpaq daşınmaz əmlak olduğu üçün mülki qanunvericilikdə yalnız notarial qaydada alqı-satqı müqaviləsi ilə torpağın mülkiyyəti əldə edilə bilər. Etibarnamə ilə torpaq almaq Mülki Məcəllənin qanunlarına birbaşa ziddir. Etibarnamə 50 yox, 100 il olsa da, bunun hər hansı əhəmiyyəti yoxdur. Yəni torpaq alarkən etibarnamə verilməsi, alqı-satqı deyil. Proses yalnız notarius təsdiqi ilə sənədləşdirilə bilərdi”.

Vəkil onu da qeyd edib ki, mülki mübahisələrdə iddianın necə qoyulması çox vacibdir: “Ola bilsin ki, şikayətçi burada haqlıdır, amma iddia tələbi düzgün qoyulmadığı halda uduza bilər. Hər bir halda bunun üçün məhkəmə qərarlarını görmək lazımdır. Bundan əlavə, şiddət və təhdid varsa, xuliqanlıq maddəsi hesab olunur. Belə olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır”.

Fidan Etibar


Mənbə: qafqazinfo.az