Şadlıq evlərində may durğunluğu - “ənənə” davam edir?

Şadlıq evlərində may durğunluğu - “ənənə” davam edir?

Aydın Xan Əbilov: “Böyük əksəriyyət bu qadağanı, etiqadı yerinə yetirirsə, deməli, burada nə isə var”\

Adətən may ayında Azərbaycanda toy-nişan mərasimləri keçirilmir. Hərgah buna heç bir dini, qanuni qadağa yoxdur. Bəs bu il necə, “ənənə” nə dərəcədə pozulub? May ayında sifarişlər olubmu?

Suala cavab almaq üçün bir neçə şadlıq evi ilə əlaqə saxladıq.

“Tac” şadlıq sarayının administratoru Aqşin Məmmədov qeyd etdi ki, son 5 ildə artıq may ayı ilə bağlı mif bir qədər dağılmağa başlayıb: “Demək olar ki, son 5 ildə bu məsələ normal hala düşməyə başlayıb. Məsələn, ötən ilin may ayında 20-25 toy mərasimi keçirdik. Bu il isə ümumilikdə toy bazarında zəiflik müşahidə olunur. May ayında isə təxminən 10 toy mərasimi keçirdik.

Bəzən insanlarımız düşünür ki, may ayında toy keçirilməməsi inancı Məhərrəmlik ayı ilə bağlıdır. Amma təbii ki, belə deyil və son 5 ildə insanlar bunu artıq başa düşür".

Digər şadlıq saraylarının əməkdaşları da qeyd etdilər ki, may ayında toy edənlər var, amma onların sayı digər aylarla müqayisədə dəfələrlə azdır.

Bəs niyə hələ də may “vay ayı” hesab olunur? Bu inancın tarixi haradan gəlir?

Bakirəlik kimi mənasız anlayışlar artıq öz aktuallığını itirib” - Aydın Xan  Əbilov | KONKRET

Bəziləri bu düşüncənin Roma imperiyası dövründə yarandığını iddia edir. Belə ki, may sözü latın dilində “maius” sözündən götürülüb, hansı ki, “May ilahəsi” belə adlandırılıb.

Digər iddialarda isə qeyd olunur ki, Romada may ayında “Lemuriya” adlı tədbir keçirilirmiş. Bu ayda bütün məbədlər bağlanar, dünyasını dəyişənlər yad edilər, dualar oxunarmış. Beləliklə, bu ayda toy, şənlik məclisləri keçirilməyib.

Digər iddialara görə, mayda toy keçirilməməsi bu ayda yasəmən çiçəyinin açması ilə bağlıdır. Belə ki, çiçəyin mənası “ya sən, ya da mən” olduğu üçün mayda əylənməyin, toy keçirməyin düşər-düşməz olduğuna inananlar var. Və yaxud bildirilir ki, may ayında yağışlar çox yağdığından bu ay “ağlayan dövr” kimi xarakterizə olunur. Beləliklə, təbiət ağladığı zaman insanlar da şadlıq etmək, əylənmək istəmir.

Bir qisim yaşlı insanlar qeyd edir ki, may ayında toy edilməməsi ənənəsi təxminən 2 əsr əvvəl Azərbaycana gələn ruslar tərəfindən qoyulub.

Məlum olduğu kimi, həm ruslar, həm də ermənilər arasında may ayının uğursuz olması ilə bağlı bir mif var. Bu gün də bu mifin daşıyıcıları olsa da, artıq buna inanmayanlar üstünlük təşkil edir.

Ermənilər isə bir əsr əvvəl, qondarma erməni soyqırımı ilə əlaqədar hər il aprelin 24-dən mayın 24-dək yas saxlayır, bu müddəti matəm kimi qeyd edirlər. Beləliklə, sovet dövründən bu günə qədər həm ermənilərin, həm də rusların təsiri ucbatından ölkəmizdə hələ də mayı “vay ayı” kimi qəbul edənlər var.

Bununla belə, bəziləri “may ayında toy edilməz” inancını tibbi baxışla da əlaqələndirir. Qeyd edilir ki, bu ayda fəsil dəyişməsi ilə əlaqədar insan orqanizmində həm mənfi, həm də müsbət dəyişikliklər olur. Bu dəyişikliklər insana yüksək əhval-ruhiyyə gətirsə də, qəm-kədər, depressiya halları da yarada bilir. Həmçinin ağır xəstəliklərdən əziyyət çəkənlər orqanizmdə baş verən dəyişikliklər üzündən gözlənilmədən dünyasını dəyişə bilir. Beləcə, may ayı xəstələr üçün ən təhlükəli ay hesab olunur.

İlahiyyatçılar isə qeyd edir ki, may ayında toy keçirilməməsinin dinlə əlaqəsi yoxdur.

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “Xalqımızın formalaşdığı dövrdən bu günə qədər müxtəlif istiqamətlərdən qaynaqlanan inanclarımız var. Məsələn, sırf etnik, milli və ya dini baxışlardan qaynaqlanan və yaxud da qonşu xalqlara hörmət əlaməti olaraq onlardan götürdüyümüz inanclar.

Dini baxımdan qaynaqlanan inanclarımız çox genişdir. Çünki burada atəşpərəstlik, şamanizm, qədim tanrıçılıq, eləcə də xristianlıq, islamçılıqdan qaynaqlanan xeyli inanclarımız var.

O ki qaldı may ayında toy, el şənliklərinin keçirilməməsi ənənəsinə, fikrimcə, bu, İslamdan gələn inancla bağlıdır. Belə ki, bəzi vaxtlar Məhərrəm ayı may ayı ilə üst-üstə düşür. Məlum məsələdir ki, xalqımız inancına görə Məhərrəmlik ayında toy etmir.

Həmçinin qədim Romada və slavyan düşüncəsində də may ayında təsərrüfat sahəsində müəyyən çətinliklərin, işlərin ağır olmasına görə bir çox məişət mərasimləri, o cümlədən də toylar dondurulurdu.

Bu məsələnin tibbi tərəfi də var. Məlum olduğu kimi, may ayında xüsusən də gənclərdə qanın dəyişmə, “qan qaynayan” vaxt olur. Həmçinin insanlar qışdan təzə çıxdığı üçün may ayı da yaz ayı olduğuna görə insanların orqanizmində müəyyən mineral çatışmazlıqları olur, çünki bu dövrdə meyvələr hələ yetişmir və sairə. Bu baxımdan bəziləri hesab edir ki, gələcəkdə doğulacaq uşaqların daha sağlam olması üçün gənclər bu dövrdə deyil, yəni may ayından sonra evlənsinlər, nikaha daxil olsunlar.

Beləliklə, bu mövzuda konkret birmənalı fikir səsləndirmək çətindir. Lakin hesab edirəm ki, əgər xalqın böyük hissəsi may ayında toy keçirilməsinin yaxşı olmadığını düşünürsə, buna inanırsa, bu düşüncəyə hörmətlə yanaşmaq lazımdır. Böyük əksəriyyət bu qadağanı, etiqadı yerinə yetirirsə, deməli, burada nə isə var".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Mənbə: musavat.com