Hande Harmancı: Növbəti pandemiya mütləq olacaq - MÜSAHİBƏ

Hande Harmancı: Növbəti pandemiya mütləq olacaq - MÜSAHİBƏ

Müsahibənin əvvəlində bizə zaman ayırdığı üçün Hande xanıma təşəkkür edirəm. Və bu müsahibə üçün cəmi 30 dəqiqəmizin olduğunu biləndə söhbəti çox da uzatmıram, salamlaşıb əlimdə olan çox saylı suallara nəzər yetirirəm: 30 dəqiqə və 13 sual...

– Ümid edirəm ki, sualları ünvanlamanız üçün zamanımız yetəcək – deyə gülümsəyir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancının APA-ya müsahibəsi

– Dünyada COVID-19-la bağlı mövcud vəziyyət nə yerdədir? Dünya bu xəstəliyə qalib gəlib deyə bilərik?

– COVID xəstəliyi hələ də davam edir. Yəni COVID itməyib, yox olmayıb. Hələ də var. Demək olar hər ay 300 min insanın yoluxması faktı qeydə alınır. Bu, rəsmi rəqəmlərdir. ÜST bir sıra ölkələrlə evlərdən gələn tullantı sularda virus analizlərinin edilməsi ilə bağlı əməkdaşlıq edir. Monitorinqlər aparılır. Buradan da məlumdur ki, hazırda bizim bilmədiyimiz rəsmi yoluxma faktlarından 20 dəfə daha çox yoluxma hallarının olması mümkündür. Bu günə qədər dünyada COVID səbəbi ilə 7 milyondan çox insan vəfat edib. Buna görə də hazırda bəzi ölkələr digər tənəffüs yolu ilə keçən xəstəliklərlə birlikdə COVID-in də monitorinqini aparırlar. Bu çox vacibdir. Bu xəstəlik tam olaraq itməyib. Bir çox ölkə isə artıq COVID-ə yoluxma faktlarının statistikasını aparmağı dayandırıb. Onlar bunun o qədər də önəmli olmadığını düşünürlər, amma bu, yanlış bir yanaşmadır. Ehtiyat tədbirlərini əldən verməmək və bu məlumatları bildirməyə davam etmək lazımdır.

COVID-19-un mənşəyini tapmaq mümkün olmaya da bilər

– Xəstəliyin özündən başqa, COVID-19 qorxusunun yüksək psixoloji yükü var idi, COVID-19-un mənşəyi haqqında çoxlu dezinformasiyalar yayıldı. İndiyə qədər bu xəstəliyin mənşəyi ilə bağlı hər hansı son tədqiqat nəticəsi var?

– Bununla bağlı hazırda dəqiq bir fikir, yekun bir nəticə yoxdur. COVID-19-un mənşəyini tapmaq mümkün olmaya da bilər. Ən güclü ehtimal yarasalardan insanlara keçməsi ilə bağlıdır. Digər bir ehtimal isə, SARS CoV-2 virusuna bənzər viruslar üzərində işləyən hər hansı bir laboratoriyadan çıxmasıdır. Amma hazırda bu barədə dəqiq məlumat yoxdur.

Qızılcaya qarşı vurulan QPM peyvəndinin 2 dozası uşaqları qızılcadan 97 faiz qoruyur, xəstəliklə mübarizəni asanlaşdırır

– İnsanların peyvənd olunmaq istəməməsi ilə bağlı sual vermək istərdim. COVID-19 pandemiyasında insanların peyvəndlərə qarşı necə tərəddüd etdiyini gördük. Söhbət təkcə COVID-19 peyvəndlərindən deyil, digər peyvəndlərdən də gedir. İnsanlar niyə peyvənd olunmaq istəmir və bu tendensiya ilə necə mübarizə aparmaq olar?

– Hazırda xəstəliklərə qarşı bizim ən yaxın dostumuz peyvəndlərdir. Bəzi xəstəliklər var ki, başqa heç bir müalicəsi yoxdur, dərmanı yoxdur. Məsələn, qızılca. Qızılcaya qarşı vurulan QPM peyvəndinin 2 dozası uşaqları qızılcadan 97 faiz qoruyur, xəstəliklə mübarizəni asanlaşdırır. COVID peyvəndlərinin də xüsusilə 60 yaşdan yuxarı insanlarda ölümlərin 50%-nin qarşısını aldığı və milyonlarla insanı xilas etdiyi məlumdur. Bunlar sübutu olan faktlardır. Sadəcə, fikir deyil. Məsələn, uzun müddət bir xəstəliyə qarşı peyvənd uğurlu olduğu üçün, – qızılca xəstəliyinə qarşı peyvəndləmə uğurludur, – insanlar artıq xəstəliyi görmürlər. Buna görə də artıq xəstəlik yoxdur deyə düşünürlər. Bu zaman peyvəndlərdən imtina etməyə başlayırlar. Lakin bir müddət sonra xəstəlik geri dönür. Bu normaldır. Bizdə belə bir statistika yoxdur. Bu kimi statistikalar Gigiyena və Epidemiologiya Mərkəzlərində toplanılır və TƏBİB-lə birgə lazımi planlaşdırma aparılır. Amma biz birlikdə işləyirik, icazə verin, belə deyim. Məsələn, aprelin sonunda Genişləndirilmiş İmmunizasiya Proqramının 50-ci ili münasibətilə TƏBİB və RGEM ilə birlikdə immunlaşdırma tədbirləri həyata keçirdik. Şəki, Ağdaş, Zaqatalada xüsusilə valideynlərin maarifləndirilməsi işi aparılıb. Bu tədbirlərə səhiyyə işçiləri və yerli icra orqanlarının nümayəndələri də cəlb edilib. Biz insanların peyvəndlərlə bağlı dəqiq və dolğun informasiyaya sahib olması üçün əlimizdən gələni edirik.

– 2021-ci ilin dekabrında ÜST-ün Üzv Dövlətləri Cenevrədə görüşdü, görüş əsnasında pandemiyaya hazırlıq və cavab tədbirləri üzrə beynəlxalq sazişin hazırlanması barədə razılığa gəldilər. Son tarix 2024-cü ilin may ayıdır və ÜST direktoru bildirmişdi ki, ölkələrin hələ konsensusa gəlmədiyi məsələlər var. Soruşmaq istərdim ki, bu məsələlərlə bağlı hansı ölkələr razılaşa bilmir?

– Bu, tamamilə, dövlətlərin öz arasında apardığı müzakirələrdir. Biz Ümumdünya Səhiyyə Təşkilatı olaraq müşahidəçi olaraq prosesləri izləyirik. Amma müdaxilə etmirik. 2021-ci ildən bəri bu dövlətlər yeni bir pandemiya sazişi üçün çalışırlar. May ayında 77-ci Ümumdünya Səhiyyə Assambleyasında artıq bu mövzunun anlaşma ilə yekunlaşacağına ümid edirik. Təbii ki, konkret bir söz demək mümkün deyil. Bunu Assambleyanın gedişində görə biləcəyik. Burada çox vacib bir neçə məqsədi vurğulamalıyıq. Birincisi, növbəti pandemiyaya daha yaxşı hazırlaşa bilmək məsələsidir. “Növbəti pandemiya nə vaxt baş verəcək?” - deyə soruşa bilərsiniz. Cavab: Mütləq olacaq. Bu COVID də ola bilər, influenza da, başqa bir xəstəlik də... Tarixə baxsaq, hər 10 və ya 40 ildən bir mütləq pandemiya olur. Bunların bəziləri daha ağır olur – COVID kimi. Bəziləri daha yüngül keçir, məsələn, influenza kimi. Bəlkə, çoxları xatırlamır, 2009-cu ildə influenza pandemiyası olub: H1-N1. O da bir pandemiya idi. Amma bu qədər ağır keçmədi. Yəni növbəti pandemiya ehtimalına qarşı səhiyyə işçilərinin hazırlıqlı olması çox mühüm məsələdir.

Müzakirə olunacaq və yekun sazişdə öz əksini tapacaq digər məsələ isə vaksinlərin ədalətli bölüşdürülməsi ilə bağlıdır.

Üçüncü məsələ isə, ölkələr arasında kommunikasiya, bilgi alış-verişi ilə bağlıdır. Biz də bu assambleyada iştirak edəcəyik. Azərbaycanın səhiyyə naziri Teymur Musayev də orada olacaq. May ayının sonuncu həftəsi biz Cenevrədə olacağıq.

Azərbaycanda olan bütün peyvəndlər təhlükəsiz və effektivdir

– 2024-cü ildə Genişləndirilmiş İmmunlaşdırma Proqramının 50 illiyi qeyd edilir ki, onun sayəsində dünyada təbii çiçək xəstəliyi eradikasiya olunub və uşaq ölümü 80% azalıb. Azərbaycanda isə son bir neçə ayda qızılca səbəbi ilə ard-arda uşaq ölümləri qeydə alınıb.

– Xüsusilə COVID pandemiyası zamanı bizim təkrar-təkrar dediyimiz məsələlərdən biri də bu idi. Çünki bir çox ölkədə, COVID peyvəndinə önəm verildi və digər peyvəndlər kənarda qaldı. Bunun nəticəsi olaraq, peyvəndlə qarşısı alına bilən xəstəliklərə qarşı immuniteti olmayan uşaqların sayı artdı. Yoluxmalar müəyyən bir həddə gəldikdə isə artıq bu, epidemiya halını aldı.

Qızılca ən yoluxucu xəstəliklərdən biridir. Bir nəfər xəstə olduğu zaman, təxminən, 18-20 nəfəri yoluxdura bilər. Üstəlik, qızılca xəstəliyin gedişində meydana gələn ağırlaşmalarla yanaşı (məsələn, pnevmoniya kimi), ölümlə nəticələnən bir xəstəlikdir. Əsasən də, uşaqlar üçün daha təhlükəlidir. Lakin sağalsa belə, illər sonra beyində zədələnmələr görülə bilər. Valideynlər övladlarını qızılcadan qorumaq istəyirlərsə, mütləq peyvənd etdirməlidirlər. Peyvənd həm təhlükəsizdir, həm də çox təsirlidir. Azərbaycanda olan bütün peyvəndlər təhlükəsiz və effektivdir. Məsələn, çiçək xəstəliyi artıq dünyada eradiksiya edilib, yəni yoxdur. Buna peyvəndləmə ilə nail olduq. Azərbaycanda qızılca xəstəliyinin eliminasiya edilməsi hədəfimizdir.

Eradiksiya və eliminasiya arasında kiçik bir fərq var. Eradikasiya xəstəliyə səbəb olan mikrobun artıq təbiətdə belə olmadığını ifadə edən termindir. Amma bəzi virusları təbiətdən təmizləmək, demək olar mümkün deyil. Lakin insanlarda artıq rast gəlinməsinin qarşısını ala bilsək, bu da bizim üçün uğurudur.

– Rəsmi statistika olmasa da, uşaqların məhz qızılcadan ölməsi ilə bağlı mətbuatda ayrı-ayrı xəbərlər dərc edilib. Azərbaycanda aparılan immunizasiyanı necə qiymətləndirirsiniz?

– Avropada bütün ölkələrdə eliminasiya hədəfi əsas götürülüb. Azərbaycan da bu mövzuda ciddi səylər həyata keçirir. Ona görə bir çox qurumun birgə fəaliyyəti təmin edilib. İnsanların etibar etməsi bu mövzuda olduqca vacib nüansdır.

İlk 24 saat ərzində bir yaşına qədər və 18 ayına qədər vurulan peyvəndlər uşağı ölümdən qoruyur

– Yeni doğulmuşlara həyatının ilk 24 saatında vurulan peyvəndlərlə bağlı Azərbaycanda mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

– İlk 24 saat ərzində bir yaşına qədər və 18 ayına qədər vurulan peyvəndlər uşağı ölümdən qoruyur. 1974-cü ildə biz Genişləndirilmiş İmmunizasiya Proqramına başladıqda doğulan hər 1000 uşaqdan 92-si həyatını itirirdi. İndi bu göstərici 25-ə düşüb. Bu nəticə, təbii ki, əsasən peyvəndlər sayəsindədir. Dünyada hər il peyvəndləmə sayəsində 5 milyon uşağın həyatı xilas edilir. Dediyimi kimi, Azərbaycandakı peyvəndlərin də hamısı keyfiyyətli və təhlükəsizdir. Azərbaycan hər zaman peyvəndləmə göstəricisinə görə əhatə dairəsi geniş ölkə hesab edilir. Amma COVID pandemiyasından sonra peyvəndləmə göstəricisi aşağı düşüb.

Xüsusilə Gigiyena və Epidemiologiya Mərkəzləri və TƏBİB-lə birlikdə həyata keçirilən layihə çərçivəsində, əsasən, bölgələrdə istifadə olunması üçün soyuq zəncir sistem avadanlığı – peyvənd soyuducuları, temperatura nəzarət cihazları alınaraq müvafiq yerli qurumlara təhvil verilib. Peyvənd soyuducularının texniki baxımı ilə bağlı təlimlər davam etdirilir.

– Azərbaycanda psixi sağlamlıqla bağlı ÜST hansı layihələri həyata keçirir? Nəzərə alsaq ki, Azərbaycanda ard-arda pandemiya və müharibə yaşandı.

– COVID-19 pandemiyasının başladığı ilk vaxtlarda və müharibə dövründə artıq biz insanların mental və psixi sağlamlığı ilə bağlı müəyyən layihələr həyata keçirməyə başladıq. Burada əsas addım olaraq ilkin səhiyyə müəssisələrində insanların keyfiyyətli psixi yardım almasını dəstəkləmək və gücləndirmək istiqamətində aparılan işləri qeyd edə bilərəm. Son layihəmiz ötən ilin sonunda yekunlaşıb. Bu çərçivədə əvvəllər təmas xətti hesab olunan bölgələrdə yüzlərlə həkim və tibb bacısı təlimlərə cəlb edilib. Layihəmiz bitsə də, təlimlərimizin bir hissəsi davam edir. Ümid edirəm ki, insanların ilkin səhiyyə xidməti mərhələsində keyfiyyətli xidmət almasına faydamız olub. Belə deyə bilərəm ki, layihə bitsə də, yerli tərəfdaşlarımız tərəfindən bu xidmətlər davam etdirilir.

– ÜST davamlı olaraq uşaqlıq boynu xərçənginə qarşı peyvəndləmə ilə bağlı maarifləndirmə aparır. Statistikaya görə, uşaqlıq boynu xərçəngi dünyada qadınlar arasında ən çox rast gəlinən 4-cü xərçəng xəstəliyidir. ÜST-nin Azərbaycanda İPV (HPV) peyvəndinin uşaqların peyvənd gündəliyinə salınması kimi bir tövsiyəsi olub? Belə ki, 9-14 yaşlarında 1 və ya 2 doza peyvənd olunmaq gələcəkdə qızların həyatını uşaqlıq boynu xərçəngindən xilas edə bilər.

– Hazırda xərçəngə qarşı qoruyan iki peyvənd var. Birincisi, HPV, digəri isə Hepatit B-dir. Azərbaycanda milli vaksinasiya proqramı daxilində uşaqlara Hepatit B peyvəndi vurulur. Bu peyvənd insanları qaraciyər xərçəngindən qoruyur. HPV isə uşaqlıq boynu xərçəngindən qoruyur. Qeyd edim ki, Azərbaycanın milli peyvənd təqvimində bu vaksin yoxdur. Lakin bu istiqamətdə işlər görülür. İyun ayında ÜST-nin təşkilatçılığı ilə Azərbaycanda HPV peyvəndinin profilaktik peyvənd təqviminə salınmasına dəstək göstərilməsi məqsədilə ÜST-ni Avropa üzrə Regional Ofisinin mütəxəssisi Ludmila Mosinanın Azərbaycana səfəri planlaşdırılır. Bu mövzuda Səhiyyə Nazirliyi də müsbət mövqedədir. ÜST HPV vaksininin milli peyvənd təqviminə daxil edilməsini tövsiyə edir. Artıq Avropadakı 53 ölkədən 45-i bu peyvəndi milli təqviminə daxil edib. İngiltərədə bu baxımdan ciddi nəticələr əldə edilib. İngiltərədə 1995-ci ildən sonra doğulan qız uşaqlarında, demək olar ki, heç uşaqlıq boynu xərçəngi müşahidə edilməyib. Yəni demək olar sıfır səviyyəsinə çatıblar. Bu qədər uğurlu bir proqram icra edilib.

ÜST Azərbaycan milli immunizasiya proqramına iki yeni peyvəndin əlavə olunmasını tövsiyə edir: bunlar rotavirusa qarşı olan Rota və uşaqlıq boynu xərçəngindən qoruyan HPV peyvəndləridir. Hazırda Azərbaycanda Rota virus və HPV peyvəndinin tətbiq edilməsi istiqamətində məsləhətləşmələr aparılır. Lakin ölkəyə bir peyvəndin gətirilməsi uzun bir hazırlıq prosesi tələb edir. Həm səhiyyə işçilərinin hazırlığı, həm maliyyələşmə, hansı preparatların alınması və s. uzun bir prosesdir. Məmnunluqla deyə bilərəm ki, artıq bu sahədə görüşlər başlayıb.

– ÜST bir çox post-münaqişə zonasında səhiyyənin təşkili ilə bağlı dəstək layihələri həyata keçirir. Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə səhiyyə xidmətlərinin təşkili ilə bağlı planlaşdırılan hər hansı layihələr var?

– Orada görülən işlərə dəstək göstərməyə hazır olduğumuz barədə biz bir çox dövlət qurumlarına məlumat vermişik. Biz istənilən dəstəyi göstərməyə hazırıq!

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

Mənbə: apa.az