Cəlilabadda ev yanaraq külə döndü: Ailə qonşulara sığındı - FOTO

Cəlilabadda ev yanaraq külə döndü: Ailə qonşulara sığındı -

Cəlilabad rayonunda bir mərtəbəli fərdi yaşayış ev yanıb.

Bizim.Media xəbər verir ki, rayonun Şorbaçı kəndində Güldərən Mənsurovaya məxsus ev bu gün səhər tavan hissəsindən alışmaqla tamamilə yanıb.

Səhər saatlarında başlayan yanğını elə ilk olaraq evin yaşlı xanımı hiss edib. Qalan 6 ailə üzvünü oyadan xanım evdə yanğın başladığını bildirib. Evin tavan hissəsinin çökməyə başlaması ilə isə bütün otaqlar alova bürünüb. Ev sakinləri od tutmayan yeganə pəncərəni sındırmaqla həyatlarını xilas ediblər.
Qonşuların müdaxiləsinə baxmayaraq evdən yalnız bir neçə əşya çıxarmaq mümkün olub. Təxminən 100 kvadratmetrlik evin döşəmə-tavan, pəncərələr, həmçinin ailəyə məxsus bütün məişət və geyim əşyaları yanaraq kül olub.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Cəlilabad bölməsi alovu söndürməklə yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar.

Evin köhnə elektrik naqillərində yaranan nasazlığın yanğına səbəb olduğu ilkin ehtimal olaraq irəlisürülüb.

Evi tamamilə yanmış 4 azyaşlı olmaqla 7 nəfərlik ailə hazırda qonşu evlərdə məskunlaşıb.

Hadisə müvafiq orqanlar tərəfindən araşdırılır.














Mənbə: bizim.media