Məlum olduğu kimi, son günlər güclü yağışlar səbəbindən Gürcüstan və Ermənistanda daşqınlar baş verib. Ermənistanın Lori rayonunda Debed çayı məcrasından çıxıb və bu səbəbdən Gürcüstana gedən dövlətlərarası yol hər iki istiqamətdə bağlanıb.
Hazırda hər iki ölkədə daşqınlarla bağlı son vəziyyət açıqlanıb.
Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, ölkədə bu gündən etibarən yaxın günlərdə güclü yağıntı gözlənilmir. Bunun isə çaylarda suyun səviyyəsinin enməsinə səbəb olacağı bildirilir.
Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti isə ölkənin Lori və Tavuş vilayətlərində müxtəlif yaşayış məntəqələrindən 269 nəfəri təxliyə, daha 120 nəfəri isə təbii fəlakət zonasından xilas edib. Ümumilikdə xilasetmə işlərinə 324 canlı qüvvə cəlb edilib. Bununla yanaşı, ölkənin Ətraf Mühit Nazirliyinin məlumatına görə, Tavuş və Lori vilayətlərində çaylarda suyun səviyyəsi enməyə başlayıb.
Xatırladaq ki, Ermənistanda daşqın səbəbindən 3 nəfər həlak olub. Gürcüstanda isə güclü yağış azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb olub. Xram və Debet çaylarının daşması nəticəsində 15 kəndlə əlaqə kəsilib. Kvemo-Kartli qubernatoru Giorgi Doxturişvili gecə saatlarından etibarən əhalinin təxliyəsinə başlanıldığını, Marneulidə 15-dən çox ailənin təxliyə edildiyini bildirib.
Mənbə: qafqazinfo.az