Əks yola çıxaraq təhlükə saçan sürücü ilə bağlı AÇIQLAMA

Əks yola çıxaraq təhlükə saçan sürücü ilə bağlı

Göyçaydan Ağsu istiqamətinə gedən yolda yüksək sürətlə qarşı yola çıxaraq təhlükə yaradan "Hyundai" markalı 77-CN-567 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ilə bağlı müvafiq tədbirlər görülüb.

Bu məlumatı sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev verib.

O qeyd edib ki, sözügedən görüntülər araşdırılıb:

"Hyundai" markalı, 77-CN-567 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün respublika əhəmiyyətli avtomobil yolunda təhlükəli manevr edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhdid yaratması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Baş DYP İdarəsində araşdırılıb. Sözügedən kobud qayda pozuntusunu törədən şəxsin Göyçay rayon sakini, Rafil Tarverdiyev olması müəyyən edilib.

Araşdırma zamanı əməlindən peşman olduğunu bildirən R.Tarverdiyevlə profilaktik söhbətlər aparılıb və barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri tətbiq olunub".

Əzizə İsmayılova

Mənbə: oxu.az