Husilər ticarət gəmisini vurub, Britaniya esminesinə raket zərbəsi endirdiklərini iddia edib

Husilər ticarət gəmisini vurub, Britaniya esminesinə raket zərbəsi endirdiklərini iddia edib

Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı Qırmızı dənizdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Diamond” esminesinə ballistik raket zərbələri endirdiklərini bəyan edib.

APA-nın “Al Masirah” telekanalına istinadən verdiyi xəbərə görə, bunu “Ənsar Allah” hərəkatının hərbi təmsilçisi Yəhya Saria bildirib.

Eyni zamanda “Norderney” və “MSC Tavvishi” ticarət gəmilərinə pilotsuz təyyarələr, ballistik və gəmi əleyhinə raket hücumları həyata keçirildiyi, “Norderney” gəmisində yanğın başladığı bildirilib.

Böyük Britaniya Müdafiə Nazirliyi isə “Ənsar Allah” tərəfindən “HMS Diamond” esminesinə zərbə endirildiyini təkzib edib.

Qeyd edək ki, bundan əvvəl Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi Yəmənin Ədən limanı sahillərində ticarət gəmisinə zərbə endirildiyini, gəmidə yanğın başladığını açıqlamışdı.

Mənbə: apa.az