Ağdamda narkokuryer saxlanılıb

Ağdamda narkokuryer saxlanılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Faiq Hüseynov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Hüseynovun idarəsində olan avtomobildən və Bakı şəhərində yaşadığı evdən külli miqdarda metamfetamin, heroin, marixuana və metodon həbləri aşkar edilib.

Eyni zamanda onun narkotik vasitəni satdığı rayon sakini Ələmdar İsmayılov da saxlanılıb.

Ondan da külli miqdarda metamfetamin götürülüb.

Araşdırma zamanı F.Hüseynov həmin narkotikləri sosial şəbəkədə tanıdığı "Samirə" və "Rza" adlı İran sakinləri vasitəsi ilə əldə etdiyini və onların dediyi ərazilərə çatdıraraq narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: apa.az