Bakıda sifarişlə quldurluq edərək 61 500 manat ələ keçirən şəxslər tutulublar.
Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Paytaxt sakini olan şəxs yaşadığı binadan həyətə düşən zaman qara maskalı naməlum şəxs ona hücum edib. Həmin şəxs müxtəlif dərəcəli xəsarətlər yetirərək zərərçəkmişin əlindəki içərisində 61 500 manat olan sellofan paketi götürərək hadisə yerindən uzaqlaşıb.
Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Cavad Allahverdiyev saxlanılıb. Həmin şəxs ifadəsində cinayəti tanışı - əvvəllər məhkum olunmuş 1955-ci il təvəllüdlü Rəfael Tağızadənin sifarişi ilə törətdiyini bildirib. Əlavə əməliyyat tədbirləri nəticəsində qeyd olunan şəxsin də saxlanılması təmin edilib. Onlardan cinayət yolu ilə əldə etdikləri 32 500 manat aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, R. Tağızadə zərərçəkmişlə cəzaçəkmə müəssisəsində olan zaman tanış olub və onda külli miqdarda pul olacağını əvvəlcədən bilib. Bundan sonra o, tanışı C. Allahverdiyevə həmin cinayəti törətməyi sifariş edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Allahverdiyev və Rəfael Tağızadənin barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Mənbə: qafqazinfo.az