Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Şuradan verilən xəbərə görə, toplantını giriş sözü açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib.

Gündəlik səsə qoyularaq qəbul edilib.

Müzakirələrdən sonra “AzEstetik Group” MMC-nin “Publika.az”, “Moderator.az”, Bakunews.az”, “Hakimiyyet.info” saytlarında gedən yazılarla bağlı şikayəti əsasında qərar çıxarılıb. Qərarda adı çəkilən saytların “AzEstetik Group” MMC-nin fikirlərinin təqdimatına hazır olduqları əksini tapıb. Ümumən sözügedən media orqanlarının tənqidi materialda tənqid obyektinin fikirlərinin təqdimatına həssas yanaşmalarının, bu, mümkün olmadıqda isə məsələ barədə cəmiyyəti məlumatlandırmalarının vacibliyi vurğulanıb.

Mətbuat Şurası bu qənaətə gəlib ki, fəaliyyəti ictimai əhəmiyyət daşıyan qurumlar, eləcə də biznes dairələri mətbuat və ictimaiyyətlə əlaqələrə diqqət yetirməlidirlər, jurnalist sorğularına həssas yanaşmalıdırlar.

Jurnalistlər isə tənqid obyekti kimi götürdükləri fiziki və hüquqi şəxslərə münasibətdə eyni həssaslığı nümayiş etdirməlidirlər.

İclasda o da bildirilib ki, bir çox şikayət müəllifləri Mətbuat Şurasına şikayət etməklə yanaşı, eyni anda məhkəmələrə də üz tuturlar. Şuranın Katibliyi araşdırma prosesində bunu müəyyənləşdirir. Belə olduqda şikayətlərə baxıla bilməz. Çünki MŞ-nin nizamnamə tələbləri buna imkan vermir. Bu səbəbdən məsələyə ictimai diqqətin artırılması vacibdir.

İclasda Şuranın mövcud istiqamətdə də ayrıca maarifləndirici tədbirlər görməsi qərara alınıb, bununla əlaqədar Şuranın Katibliyinə müvafiq göstəriş verilib.

İclasda, həmçinin, cari məsələlər də nəzərdən keçirilib.

Mənbə: apa.az