Suda boğulanların sayı niyə artıb? - Açıqlama

Suda boğulanların sayı niyə artıb? - Açıqlama

İyunun 20-də Cəlilabadın Hamarqışlaq kəndində iki yeniyetmə göldə boğulub. Dünən isə rayonun Gülməmmədli kəndi ərazisində yerləşən İncəçay su anbarında çimmək istəyən 11 yaşlı uşaq batıb. Tez-tez Kür çayında da bu cür bədbəxt hadisələrin şahidi oluruq. Belə hadisələrin baş verməməsi üçün nələrə diqqət edilməlidir?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Bakupost.az -a açıqlamasında çay, göl, su anbarları, kanallar kimi çimmək üçün nəzərdə tutulmayan su mənbələrinin təhlükəli olduğunu bildirib.

O, insanların göl və anbarlardakı sualtı proseslərdən xəbərsiz olduğunu deyib:

“Suyun dibindəki sualtı axınlar, daş, qaya, dəmir parçası, butulka, mamır və yosunlar insanların həyat və sağlamlığı üçün təhlükə riski daşıyan amillərdir. Ona görə bu cür su mənbələrində çimmək yolverilməzdir”.

Ekspert suyun altındakı axın sürətinin də bir çox hallarda insanların həyatına son qoyduğunu bildirib:

“Suyun üzündəki axın sürəti ilə dibindəki axın sürəti arasında bir neçə dəfə fərq var. İnsanlar çox vaxt bunu bilmir və çimməyə başlayır. O axın da insanı suyun altına, dərinliyə aparır. Belədə insan hansısa maneəyə ilişir və sonda həyatından olur. Kanalların qırağında bitən mamırlar da orda boğulma təhlükəsi ilə üzləşən insanın sudan çıxmasına mane olur”.

Mənbə: www.bakupost.az