Rubrika: Səhra həkimləri: Cibində qumbara gəzdirən arıq qız, ali təhsili yarımçıq qoyan kontuziya, yol gözləyən şəhid bacısı…

Rubrika: Səhra həkimləri: Cibində qumbara gəzdirən arıq qız, ali təhsili yarımçıq qoyan kontuziya, yol gözləyən şəhid bacısı…

Müharibə onun o qədər arzularının üstündən qara xətt çəkib ki, özü demişkən, saymaqla bitməz. Hələ yeniyetməikən ali təhsil almaq, ata-anasının qürur yeri olmağı məqsəd qoymuşdu qarşısına… Əvvəlcə, ömür vəfa eləmədi anasına… Ardınca da müharibə qan qoxulu duman çəkdi rayonlarının üzərinə… Beləcə, o, həyatının ən əhəmiyyətli hadisələrinin memarı olan müharibəydən keçmək üçün böyüyürdü. Həmidova Səkinə Məhəmməd qızı, 1974-cü ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. 1991-ci ildə Dağtumas kənd orta məktəbini bitirib Sumqayıt Tibb Məktəbinin tibb bacısı şöbəsinə qəlul olur. Onda artıq ermənilər Cəbrayılın kəndlərinə basqınlar edir, dinc insanları öldürürdülər. Qazanzəmi, Söyüdlər, Dağtumas kəndləri ermənilərin yaşadığı Dolannar kəndindən müxtəlif silahlardan tez-tez atəşə tutulurdu. Kəndlərdə özünümüdafiə dəstələri yaranırdı... Əliyalın yerli camaat ancaq yaba, dəryaz, dəhrə və balta ilə silahlanıb kəndlərin müdafiəsinə qalxırdı...


Qara gələn son zəng...

1991-ci ilin əvvəllərindən ermənilərin azğınlaşması get-gedə çoxalırdı. İndi onlar kəndləri təkcə atəşə tutmur, silahlı şəkildə dəstələrlə gəzir, azərbaycanlılara basqın edir, rast gəldikləri tək adamları qətlə yetirirdilər. Beləcə, demək olar ki, hər gün ətraf kəndlərdən kiminsə öldürülməsi, yaralanması və ya girov götürülməsi xəbəri gəlirdi. May ayının son beş günlərindən biri idi. Kənd məktəbinin 10-cu sinif şagirdləri orta təhsili başa vurub müstəqil həyata qədəm qoymaları münasibətilə son zəng keçirirdi... Məzunların hamısının üz-gözündə sevinc, təbəssüm vardı... Həm də müharibənin əsdirdiyi küləyin gərginliyi. Daha tez-tez döyüşlər baş verir, sabah nə olacağını heç kim bilmirdi. Son zəng günü də elə oldu. Kənddən bir nəfər gənci ermənilər qətlə yetirmişdilər. Məktəbdəki hamı tədbiri təxirə salıb çırağı sönən evə üz tutur...


Döyüşə yollanmaq istəyən tələbələr...

Orta məktəb illəri arxada qalmışdı daha. Səkinə Həmidova Sumqayıtda tibbi təhsil alırdı. Tibb bacısı olacaqdı. 1992-ci ilin fevralında Xocalı hadisələri baş verdikədn sonra bir neçə tələbə yoldaşı ilə birgə cəbhə bölgəsinə getmək istəyir. Amma onları nə məktəb, nə də valideynləri buraxmır. İsrarları hədər gedir. Döyüş bölgəsinə gedib işləmək arzuları həyata keçmir.... İlyarımlıq tədris başa çatdıqdan sonra diplomunu alıb rayona geri dönür. Yenə döyüş bölgəsinə getmək istədiyini deyir evdə. Atası və qardaşı ona qəti xəbərdarlıq edirlər ki, əgər hərbiyə getsə, onun üçün çox pis olacaq.. Beləcə, hər gün şəhid olanların, yaralıların sayının çoxaldığı haqda xəbərlər bir-birini əvəzləyirdi. Evdə doğmaları hələ də onun hərbi tibb bacısı kimi işləməsinə icazə vermək fikrində deyildi... Çətinliklə də olsa, atasından və qardaşından, heç olmaya, Cəbrayılda birləşmiş rayon xəstəxanasında işləməsi üçün icazə ala bilir.

Xəstəxananın müdiri Hüseyn həkim (soyadını unudub) Səkinə Həmidovanı “Qız uşağısan, sənin ölüm-itim olan yerdə nə işin var? Get otur oturduğun yerdə!” deyib peşiman geri qaytarır.

Döyüş zonalarında xidmət keçən həmcinslərindən geri qalmadığını düşünən Səkinə bu dəfə rayonun birinci katibinin (indiki icra hakimiyyəti başçısı) qəbuluna gedir. Elə bil, 1-ci katib baş həkimlə əvvəlcədən məsləhətləşibmiş. Xəstəxanada aldığı cavabla burada da üz-üzə gəlir: “Qız uşağısan... Sənin orada işin yoxdur...”

Qanaxmadan həlak olan qohumlar... təzə işə başlayan tibb bacısı

Səkinə Həmidova növbəti gün yenə rayon rəhbətinin qəbuluna gəlir. Bu dəfə də eyni cavabı alır. Səhəri gün də inadından əl çəkmir. Bu dəfə isə deyir ki, nə olur olsun, o döyüşə gedəcək... Müharibədə yaralalanların köməyinə çatdıracaq özünü.

Onu hər dəfə əliboş geri qaytarsalar da, bu çəlimsiz qız inadından əl çəkmir. Elə həmin ərəfədə öz kəndlərindən Vahid və Zöhrab adlı iki nəfər şəhid olur. Onlardan biri yaxın qohumları idi. Ardınca, Səkinə Həmidovanın bacısının sinif yoldaşı Şərif “Ağ yol” deyilən ərazidə həlak olur. Hamısı da yaralanıb ilkin tibbi yardım göstərilmədiyindən qanaxmadan sağ çıxa bilmir. Orduya götürülməyən tibb bacısının əmisi oğlu Əli Həmidov da kənd yaxınlığndakı yüksəklik uğrunda gedən döyüşdə şəhid olur.

Qonşunun oğlu Bayram da döyüşdə yaralanıb gəlmişdi. O da deyir ki, yaralıların çoxu qanaxmanı saxlaya bilmədiyinə görə həlak olur:

“Bu dəfə tam qərarlı idim ki, gedəcəm. Atama dedim, etiraz elədi. Qradaşım da onun kimi... Amma dayanmaq olmazdı. Çünki cavan uşaqlar ən adi bir işin üzündən həyat itiridilər. Evdə dedim ki, razı olsanız da, olmasanız da, gedəcəm.” - deyir Səkinə xanım. Səhəri gün yenidən rayonun 1-ci katibinin qəbuluna yollanır və ona yaralıların qanaxmadan ölməsi ilə bağlı vəziyyəti izah edir. Bundan sonra katib rayon xəstəxanasının baş həkimini çağırtdırır və Səkinə Həmidovanın işə götürüməsi ilə bağlı göstəriş verir. Əvvəlcə xəstəxanaya, oradan isə rayon hərbi komissarlığına göndərilən tibb bacısı hərbi qeydiyyata alınır və işə başlayır.


İlk iş günü, qalaq-qalaq sənədlər...

Tibb bacısı kimi işə götürüldükdən sonra onu Cəbrayıl şəhərindəki 1 saylı internat məktəbində yerləşən hərbi hissəyə göndərirlər.

İlk iş yerinə utana-utana gələn arıq qızcığaz başını qaldırıb irəli baxmadan yeriyəndə özünü qapıya çırpır. Az qala, gicəllənib yıxılsın. Amma özünü toparlayıb həkimin qəbuluna gedir və özünü təqdim edir.

Tapşırılan ilk iş Səkinə Həmidovanı o qədər çaşdırır ki, nə edəcəyini bilmir. Başqa bir otağa qədər onu müşayiyət edən həkim təzə tibb bacısına qalaq-qalaq sənədləri göstərib yaralı hərbiçilərin xəstəlik tarixçələrini, digər sənədləri qaydaya salmağı tapşırır... Beləcə ilk iş günü başlayır. Döyüşlər getdiyindən həkim təzə əməkdaşa o qədər tapşırıq verir ki, iş gücdən başı açılmayan qızcığaz sənədləri necə işləməyi, nə cür hazırlamağı nə həkimdən, nə də ondan əvvəl orada xidmət keçən həmyerlisi, tibb bacısı Elnarə Qasımovadan soruşa bilmir... Amma sənədləri nə zaman sahmanladığını, yaralılara nə zaman tibbi yardım göstərməyə başladığını xatırlaya bilmir. Beləcə, onun döyüş gündəliyinin vərəqləri ağrılı yazılarla çoxalmağa doğru gedir.

İlk döyüş günü, cibində qumbara gəzdirən qız

Səkinə xanım deyir ki, rayon ərazisində nə qədər ağır döyüşlər olsa da, hərbi hissənin həkimi Mübariz həkim tibb məntəqəsindəki xanım əməkdaşlarının döyüşə getməsinə icazə vermirdi. Eləcə də, hərbi hissənin döyüşçüləri də qızların açıq döyüşə getməsinə qarşı çıxırdılar: “Döyüşçülərin hamısı demək olar ki, rayon sakinlərindən ibarət idi. Hamı da bir-birinin dostu-qardaşı, yaxın qohumu idi, bizim əməliyyat zonasına gedişimizi heç kim istəmirdi. Amma Sirik kəndi uğrunda gedən döyüşlər çox ağır oldu. İlk dəfə onda açıq döyüşə çıxdıq. Qızlardan Elnarə xanımla mən idim, həkimlərimiz, feldşerlərimiz, sanitarlarımız hamısı orada idi. Həmin gün döyüş əməliyyatı yarımçıq qaldı. Sonra yenə başladı. Səhəri gün yenə davam elədi. 2-3 sutka biz yatmadıq. Elə həyacanmız vardı ki... Həm düməni məhv eləmək.... Bir tərəfdən də, hər şey ola bilərdi... Əsir düşə bilərdik... Amma o vaxt ermənilərə qarşı elə bir nifrət vardı ki, o nifrət hər şeyi unutdururdu.. Biz qızlar cibimizdə qumbara gəzdiridik. Həkim tapşırıq vermişdi ki, bir şey olsa, əsir düşmək ehtimalı yaransa, işdir-qəzadır, gördünüz ələ keçirsiniz, özünüzü partladın... ”

Rayonun son günü... Bombardman altında tibbi yardım


Səkinə xanım deyir ki, rayonu tərk etdiyi günü heç vaxt unuda bilmir:

“Bizə yaralı gəlmişdi. Yanına mərmi düşmüşdü, bir tərəfi çox ağır yaralanmışdı. Bir ayağının yarısını demək olar ki, yox idi, çoxlu qəlpə yarası da vardı. İlkin tibbi yardım göstərib, bədənindən qəlpələri təmizləyib Bakıya yola salmalıydıq. Həmin vaxt tibb məntəqəsinin ikinci mərtəbəsində idik. Hərbi hissənin həyətinə bir neçə “Qrad” mərmisi düşdü. Biri isə məntəqənin divarının dibinə sancılıb partladı. Yaralı qarışıq hamımız bir anlıq havaya qalxıb düşdük... Gözümdən, qulağımdan, burnumdan, ağzımdan qan gəlirdi... Başqa tibb bacıları da, həkimimiz də hamı eyni vəziyyətə düşmüşdü. Hərbi hissənin həyətində döyüşə gedəcək adamlar vardı. Onlar arasında da ölən, yaralanan oldu. Biz bəlkə də iki saata özümüzə gəldik. Ermənilər hər tərəfdən Cəbrayıla hücum etmişdilər. Özümüzə gəlib, yaralılara kömək elədik. Hansı ki, cərrahi-əməliyyat masasında iki saat köməksiz şəkildə ölümlə çarpışan yaralımıza tibbi yardım göstərdik. Həm bütün yaralıların, həm də biz tibb işçiləri bir-birimizin yaralarını sarıdıqdan sonra bizi Stansiya Mahmudlu kəndinə apardılar. Bax o gün mənim ən pis günüm oldu, çox pis təsir elədi mənə. Heç kim Cəbrayıldan çxımırdı axı. Qız gəlini çıxarmışdılar, amma kişilər hamı rayonda idi. İndi necə olurdu ki, rayon tərk edilirdi?! Heç cür həzm edə bilmirəm o günü... Bizim məntəqədən tibb bacılarını da çıxarmaq istədilər əvvəllər. Amma qızlar çıxmadı. Mən də dedim ki, bizi zorla çıxarsanız özümüzü öldürəcəyik... Amma həmin gün özümüz də yaralandıq... ”

“Xoşbəxtəm ki, gözlərimə baxa-baxa ölən olmadı...”

Bəlkə də bu sualımızı gözləmirdi... Üzündəki cizgilərdən görünürdü ki, illər əvvələ qaydıb ağrılı xatirələrini yaddaşında yer-yurd eləməyə çalışır...

- Səkinə xanım, gözlərinizin içinə baxa-baxa ölümdən xilas olmayan yaralınız olub?

Çox qısa müddətə susur. Olanları-keçmişləri yəqin ki, xəyalından keçirir bir anlıq... Sonra özünəməxsus tərzdə sakit səslə cavab verir:

- Xeyr, elə bir hadisə olmadı. Əlimdə, qollarım üstündə gözünü əbədiyyətə yuman olmayıb. O vaxt ağır yaralılar Cəbrayılın Mərkəzi Xəstəxanasındakı cərrahiyə korpusuna aparılırdı. Ölən olanda da orada olurdu. Ağır cərrahi müdaxiləyə ehtiyacı olmayanlara biz tibbi yardım göstərirdik. Xoşbəxtəm ki, əlimdə, gözümün içinə baxa-baxa ölən olmayıb. Ömrüm boyu onun yolunu gözləyən anasının, bacısının, həyat yoldaşının, sevgilisinin heç vaxt üzünü görmədiyim xəyalı məni rahat buraxmazdı yəqin ki...

- Müharibənin romantikasından Sizə pay düşübmü? Sevgisini etiraf edən, Sizdən xoşu gəldiyinə eyham vuran...

- Bayaq dediyim ki, bizim hərbi hissənin döyüşçüləri hamısı, demək olar ki, rayonumuzun adamları idi. Hamı hamını tanıyırdı. İki qardaşım döyüşürdü.
Həm də, o vaxtın oğlanları çox mərifətli, ədəb-ərkanlı idilər. Sevsəydilər, xoşları gəlsə belə. bunu üzdə deməzdilər. Bir neçə qız idik biz. İki-üç dəfə bizim iş masamızın siyirtməsindən məktub çıxmışdı... Amma heç vaxt oxumadıq. Hamısını yığıb verirdik həkimə. Ağır idi o məktubları oxumaq, imzasını bilmək... Müharibə elədir ki, sabah kimin sağ-qalıb qalmayacağını bilmək olmur... Bizi bircə amal düşündürürdü: Döyüşçülərimizi xilas etmək, ölümün pəncəsindən qurtarmaq.


- Yaralılardan kimsə sağalacağına ümid olmadığını biləndə hansısa vəsiyyət edirdi?

Bu sual da müsahibimizi özündən alıb haralarasa aparır. Qısa sükutdan sonra dillənir:

- Olurdu. Bir dəfə bir oğlan barmağından nişan üzüyünü çıxarıb həkimə verdi ki, sağalmasa, onu sahibinə göndərsin... “Həkim, deyərsiniz məni bağışlasın”.

Olubdur, bəli... Söz göndərən, son məktub yazıb verən... Çox olub belə şeylər.

Halallıq almağa gedib qayıtmayan qardaş

Məhəmməd kişinin ocağında səkkiz uşaq böyümüşdü. Səkinə xanımgil beş bacı, üç qardaş idi. Evin böyük oğlu 1979-cu ildə hərbi xidmətə gedir və xidmətini başa vurduqdan sonra Rusiyada qalır, orada yaşayır.

Digər iki qardaş isə silaha sarılıb doğma Cəbrayılın müdafiəsinə qalxır. İki qardaş ermənilərə qarşı döyüşlərdə yaxından iştirak edir. Qardaşların ən balacası Şəmsi özünün şücaəti ilə ad çıxarmışdı. Pulemyotçu idi. Rayonun işğalı günü analarının məzarını ziyarət edib halallıq almaq üçün bir neçə silahdaşı ilə kəndlərinə geri qayıdır. 12 nəfərlik dəstənin taleyindən sonra heç bir xəbər tutmaq mümkün olmur. Onların nə öldüsü, nə də qaldısı bilinir... Uzun illər sonra məhkəmənin qərarı ilə həlak olmuş hesab edilirlər.

Böyük qardaş Şirin isə atəşkəs haqda razılıq əldə olunana qədər döyüşlərdə iştirak edir.


Yaralı olduğunu gizlədən tibb bacısı

Cəbrayıl şəhərinin və ətraf kəndlərin işğal olunduğu gün yaralanıb hospitala aparılan Səkinə Həmidova həkim nəzarəti altında müalicədən imtina edib evlərinə gəlir. Daha doörusu, köçkün düşdükləri ünvana. Evdə dava-dərman qəbul edib, sarğılarını özü dəyişir. Doğmalarına tapşırır ki, yaralı olduğunu heç kimə deməsinlər. Məcburi köçkünlüyün, evsizliyin çətinlikləri bir yana, yaralanıb hərbi hissədən kənarda qalması onu daha çox sıxırdı. Bir müddətdən sonra sağaldığını bəhanə edib yenidən hərbi hissəyə qayıdır. Özünün fiziki olaraq başqasına yardım etmək imkanı az olsa da, hərbi hissənin tibb məntəqəsində vəzifəsini davam etdirir.

1993-cü ilin iyun ayında imtahan verib Azərbaycan “Futroloq” Fasiləsiz Təhsil Mərkəzinin Açıq Universitetinin hüquq fakültəsinə qəbul olmuşdu... Həm xidmət edir, həm ali təhsil alır. Yaralanıb hospitaldan geri qayıtdıqdan bir müddət sonra hərbi hissə ona təhslilini davam etdirmək hüququ tanıyır... Universitetdə oxuya-oxuya bu dəfə başqa bir hərbi hissəyə geri dönüb yenidən ordu sıralarında xidmət edir. 1995-ci ilin iyun ayının 30-da Müdafiə nazirinin əmri ilə tərxis edilib ehtiyata buraxılır. Müharibədə aldığı ağır zədələrdən və kontuziyadan sonra yaddaşında problemlər əmələ gəldiyi üçün universitetin üçüncü kursunda təhsilini yarımçıq qoyur. Uzun müddət müalicə alır.

1999-cu ildə ailə qurub Səkinə xanım. İki oğul anasıdır. Böyük oğlu Müslüm Cavadlı Bakı Mühəndislər Universitetində (Keçmiş Qafqaz Universiteti), kiçik oğlu Şahin Cavadlı isə Türkiyədə Çankırı Karatekin Universitetində təhsil alır. Doğma yurdlarına-Cəbrayıla qayıdacaqları günü səbirsizliklə gözləyir. Amma bir şərtlə ki, o yerləri düşməndən azad edək... “Müharibəsiz sülhə etibar yoxdur” deyir Səkinə xanım...







Teymur Zahidoğlu
Ordu.az

 

Mənbə: ordu.az