Xəstəni səhv müalicə edən həkimdən mənəvi təzminat tələb etmək olarmı?

Xəstəni səhv müalicə edən həkimdən mənəvi təzminat tələb etmək olarmı?

Həkimin xəstəyə düzgün diaqnoz qoymaması və onu səhv müalicə etməsi hallarına tez-tez rast gəlinir. Bu kimi mənfi hallar təkcə pasientin sağlamlığına ciddi zərər vurmur, həm də onun güclü stress keçirməsinə gətirib çıxarır. Belə olan halda pasient onu səhv müalicə edən həkimdən mənəvi təzminat tələb edə bilərmi?

Məsələ ilə əlaqədar e-huquq.az-a açıqlama verən vəkil Elnur Quliyevin sözlərinə görə, həkimin pasienti düzgün müalicə etmədiyi öz təsdiqini taparsa, sübuta yetirilərsə, ona qarşı həm maddi, həm də mənəvi təzminatla bağlı iddia qaldırmaq mümkündür.

E. Quliyev qeyd edib ki, son zamanlar həkimlərə qarşı bu cür iddaların qaldırılması halı geniş yayılıb. O bildirib ki, pasientlər tərəfindən sözügedən iddialar həm özəl klinikalara, həm də ayrı-ayrı həkimlərə münasibətdə qaldırılır.

Vəkil öz praktikasında baxdığı belə işlərdən birini nümunə göstərib: “Tibb bacısının səhlənkarlığı nəticəsində xəstə ölmüşdü. Bu işlə əlaqədar regional diaqnostika mərkəzlərindən birini məhkəməyə verdik, məhkəmə də, öz növbəsində, 10 min manat məbləğində mənəvi təzminat kəsdi. Çünki onun işçisinin hərəkəti nəticəsində ölüm halı baş vermişdi”.

Məhkəmədə mənəvi təzminat iddası qaldırarkən hansı sübutların təqdim edilməsi məsələsinə gəlincə, E.Quliyev bildirib: “Həkimin səhlənkarlığı ucbatından ölüm halı baş verməyibsə, həkimin pasientə səhv diaqnoz qoymasını sübut etmək üçün başqa həkimin qoyduğu düzgün diaqnozu təqdim etmək olar. Pasient birinci həkimin qoyduğu diaqnoz nəticəsində sağalmırsa, o zaman digər həkimə müraciət edərkən ona düzgün diaqnoz qoyulur və əvvəlki diaqnozun səhv olduğu ortaya çıxır. Bundan başqa məhkəmənin təyin etdiyi tibbi ekspertizanın araşdırması zamanı diaqnozun səhv qoyulduğunu müəyyən etmək olar. Ölüm halı üzrə isə cinayət işlərində məhkəmənin hökmünün olması mütləqdir. Hökm qanuni qüvvəyə minirsə, artıq ölüm halının həkimin günahı ucbatından baş verdiyi təsdiqini tapır”.

Vəkil diqqətə çatdırıb ki, bu cür hallarda dəymiş mənəvi təzminatın məbləğini müəyyənləşdirən konkret meyarlar yoxdur: “Pasientin səhv müalicə nəticəsində keçirdiyi iztirab stress, çəkdiyi əziyyət məhkəmə tərəfindən nəzərə alınır və hər bir iş üzrə halına görə hökm çıxarılır. Müvafiq meyarlar olmadığına görə mənəvi təzminatın məbləği ilə əlaqədar minimum və maksimum miqdar da mövcud deyil”.

Məftun Salmanov

Mənbə: e-huquq.az