Gürcüstan hökuməti meşə yanğınları ilə mübarizə tədbirlərini gücləndirib

Gürcüstan hökuməti meşə yanğınları ilə mübarizə tədbirlərini gücləndirib

Tbilisi, 20 noyabr, AZƏRTAC

Gürcüstan hökuməti son günlər ölkənin müxtəlif bölgələrində tüğyan edən meşə yanğınları ilə mübarizə tədbirlərini gücləndirib. Artıq yeddi yanğın mənbəyindən ikisi söndürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Svaneti bölgəsinin Mestia bələdiyyəsi ərazisində 3 gündür davam edən yanğın artıq söndürülüb. Bu ərazidə 120 yanğınsöndürən və xilasedici alova qarşı mübarizə aparıb.

Acarıstanın Xolu bələdiyyəsi ərazisindəki Didi Piketi kəndi yaxınlığındakı meşəlikdə də yanğın söndürülüb. Digər beş bölgədə - Mestia, Raçe, Xidşelbie On, Martveli, Sameqrelo bələdiyyələri ərazisindəki yanğınlar isə lokallaşdırılıb. Hazırda bu ərazilərdə yanğının tam söndürülməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir. Bu ərazilərdə 200-dən çox yanğınsöndürmə briqadası çalışır.

Fövqəladə Hallar Xidməti yerli əhaliyə, çobanlara, ovçulara və turistlərə müraciət edərək onları ehtiyatlı olmağa dəvət edib.

Müraciətdə bildirilir ki, hər hansı bir ehtiyatsızlıq böyük fəlakətlərə səbəb ola bilər.

Qeyd edək ki, yanğın baş verən ərazilərin böyük əksəriyyəti turizm bölgələridir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az