“Quran”ı yandıranlara “vurulan” od: Kimi evində, kimi sobada...

“Quran”ı yandıranlara “vurulan” od: Kimi evində, kimi sobada...

Ötən gün Osloda “Norveçin İslamlaşmasını dayandırın” (SIAN) şüarı altında etiraz aksiyası keçirilib.

İslam əleyhinə hərəkatın lideri Lars Torsen polislərin xəbərdarlığına baxmayaraq, “Quran”ı yandırıb. Hadisəni izləyən tamaşaçılar isə onu döyməyə başlayıb.

Bildirək ki, Norveçin müsəlman liderləri "nifrət zəminində cinayət" ittihamı ilə bağlı SIAN-a qarşı iddia qaldıracaqlar.

Maraqlıdır, bu günə qədər kimlər “Quran”ı yandırmağa cəhd edib?

Cebhe.info bu günə qədər “Qurani-Kərimi” yandıranlarla bağlı araşdırma aparıb.

İki gün əvvəl eyni hadisə İranda baş verib. Benzinin bahalaşmasından sonra başlayan etiraz zamanı bir qrup aksiya iştirakçısı Tehran şəhərində yerləşən "Qüds" namazxanasını yandırıb. Nəticədə orada olan “Quran” və dua kitabları da yanıb.

Bildirək ki, İranda “Qurani-Kərim” ötən il də yandırılıb. İranlı iki xanım bunu rejimə etiraz olaraq edib. Xanımlardan biri hökmranlıqdan çıxmaq istədiyini deyib. Digəri isə batil inanca son qoymaq üçün bu addımı atdıqlarını söyləyib: “Bu “Quran”ı yandırıram, çünki məni 20 ildir ki, aldatdılar və mənə məcbur etdilər. Bunu özüm və digər iranlıların daha yaxşı gələcəyə sahib olmaları, hökmranlıq altında olmayacağımızı söyləmək üçün edirəm”.

2019-cu il martın 22-i Danimarkada da “Qurani-Kərim”in yandırılması qeydə alınıb. Parlament qarşısında cümə namazının qılınmasına mane olmaq istəyən sağçı “Stram Kurs” təşkilatının lideri kitabı yandırıb.

Strasburq şəhərində yaşayan 26 yaşlı Kalimera adlı şəxs isə bunu 8 il əvvəl-2011-ci il oktyabrın 2-də edib. O, "Qurani-Kərim"i yandıraraq videokamera ilə çəkib. Daha sonra isə videonu internetdə yayıb. Hadisə haqqında açıqlama verən Strasburq şəhər məscidinin imamı Əb əl- Əziz Şükri həmin şəxslə əlaqə saxladığını və Kalimeranın bu kimi hərəkətlərdən zövq aldığını deyib. Belə ki , şəxs imamın iradlarına qarşılıq olaraq Fransanın demokratik ölkə olduğunu və istədiyini edə biləcəyini deyib.

Müqəddəs kitabı yandıranlar arasında vəzifəli şəxslər də az olmayıb. Nyu-Yorklu deputat Denny Allen 2012-ci il sentyabrın 11-i müqəddəs kitabı yandırıb. Hadisədən beş gün sonra isə deputat yaşadığı mənzildə qəfil başlanan yanğında yanaraq ölüb. Denny Allen yanarkən əlində kağız parçasına bənzər əşya tutub və onun yanmış cəsədi sanki əlindəki kağıza yalvarır.

“Quran”ı yandırdıqdan sonra cəzalandırılanların da olduğu deyilir. Pakistanda Şəhzadə və Şam adlı ər və arvad 2014-cü ildə edam edilib. Belə ki, Şam evi təmizləyərkən bilmədən lazımsız kağız və sənədlər arasında “Quran”dan olan bir neçə vərəqi də yandırıb. O, hadisə haqqında ətrafındakı insanlara danışıb və bir müddət sonra dini məhkəmə bundan xəbərdar olub. Din məhkəməsi onları 2 gün kərpic zavodunda saxladıqdan sonra 4 noyabrda sobada yandırıb.

Səyad Həsənli
Cebhe.info

 

 

Mənbə: cebhe.info