Zəhərlənmədən ölən tələbə qızla bağlı məsuliyyəti kim daşıyacaq? - Ortada imza yoxdursa...

Zəhərlənmədən ölən tələbə qızla bağlı məsuliyyəti kim daşıyacaq? - Ortada imza yoxdursa...

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında bir nəfərin ölməsi, iki nəfərin isə xəstəxanaya yerləşdirilməsi ilə bağlı zəhərlənmədə maraqlı məqam ortaya çıxıb.

Belə ki, noyabrın 20-də gecə saatlarında BDU-nun 2 saylı yataqxanasında özlərini yaxşı hiss etməyən tələbələrə təcili tibbi yardım çağırılıb. Üç tələbəyə ilkin tibbi yardım göstəriləndən sonra təcili tibbi yardım oranı tərk edib. Məlumata görə, tələbələr özlərini yaxşı hiss etdiklərinə görə xəstəxanaya getməkdən imtina ediblər. Səhər saatlarında isə tələbələr yenidən özlərini pis hiss ediblər. Çağırılan təcili tibbi yardım yataqxanaya gələndə isə qızlar yerdə huşsuz vəziyyətdə olublar.

Məlum olub ki, olaya səbəb qida zəhərlənməsidir. Hadisədə maraqlı məqam müzakirəyə səbəb olub. Tələbələr xəstəxanaya getməkdən imtina etsələr də, hələlik bu fakt sübut olunmur. Nə tələbələr xəstəxanaya getməkdən imtina ilə bağlı təcili tibbi yardımın çağırış vərəqəsinə imza atıblar, nə qə təcili tibbi yardım bunu onlara tövsiyə edib. Ortada ölüm faktı olduğu üçün tərəflərdən biri məsuliyyət daşıyır.

Bəs, imtina faktı sübut olunmadığı halda məsuliyyət kimin üzərinə düşəcək?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan tibb eksperti, professor Adil Qeybulla deyib ki, əgər xəstənin huşu özündədirsə, həkim ona xəstəxanaya getməyi təklif edirsə, xəstə bundan imtina edirsə, onun zorla aparmaq olmaz:

“Mütləq şəkildə xəstə təcili yardımın çağırış vərəqəsinə imtina ilə bağlı imza atmalı və sonra təcili tibbi yardım getməlidir. Bu halda məsuliyyət xəstənin üzərindədir. Əgər xəstə huşsuz vəziyyətdədirsə, onun yaxınları xəbərdar olunur və məhz onların qərarı əsasında şəxs xəstəxanaya aparılır. Təcili tibbi yardımın səhvi onda olub ki, imtina ilə bağlı xəstələrə imza çəkdirməyiblər. İmza çəkilməyibsə, imtina faktı sübut olunmur ”.

Alçina Amilqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info