Görüntüləri ilə gündəm olan direktor danışdı – VİDEO

Görüntüləri ilə gündəm olan direktor danışdı – VİDEO

Bakı şəhər Xətai rayonu 86 nömrəli orta məktəbin direktoru Cavid Əliyevin məktəbdən ayrılması ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. Belə ki, direktor həmin məktəbdən başqa məktəbə təyinat alıb gedərkən şagird və müəllimlər onu yola salıblar.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Cavid Əliyev həmin videonu izlədikdə hələ də kövrəldiyini bildirib.

O, hər şeyin anidən baş verdiyini qeyd edib:

“İnanın, heç nədən xəbərim olmayıb. Çıxanda gördüm ki, şagird və müəllimlər məni yola salmaq üçün hazırlaşıblar. Hətta indi danışdıqca da kövrəlirəm.

Özümü fikirləşmədiyim üçün bu sevgini qazandım. Yalnız xalqımı, uşaqları düşündüm. İşimi sevdim, heç bir əlavə qazanc düşünmədim. Sadəcə fikirləşdim ki, xalqımın balaları inkişaf etməlidir”.

C.Əliyev ilk dəfə 86 nömrəli məktəbə direktor təyin olunduğunu deyib:

“Direktor fəaliyyətimə 86 nömrəli məktəbdə başlamışam. Amma dünəndən 221 saylı məktəbdə işimi davam etdirirəm. Bundan sonra da şagirdlər üçün əlimdən gələni etməyə çalışacam”.

O, həmkarlarına tövsiyələr verib:

“Həmkarlarıma, müəllim yoldaşlarıma tövsiyə edirəm ki, onlar ilk növbədə şagirdi, öz işlərini sevsinlər. Pedaqoq nə bacarığı varsa, uşaqlarla bölüşməlidir. Bir direktor kimi hər zaman müəllimin yanında olmuşam, onu sıxmamışam. Əksinə, onlara öz dərslərində sərbəstlik vermişəm ki, bacarığını şagirdə çatdıra bilsin. Şagirdə də bir şəxsiyyət kimi baxıram. Belə olduqda artıq şagirdin gözlərindən, hərəkətlərindən bilirsən ki, o nə istəyir. Şagirdə bir şəxsiyyət kimi yanaşanda, uşaq da görür ki, sayılanlar sırasındadır. Hərdən başına sığal çəkirsən, hərdən şəkil çəkdirirsən, bəzən uğur qazananda kiçik hədiyyə ilə sevindirirsən və s.”

O, işlədiyi müddətdə əldə etdikləri uğurlardan danışıb:

“Çalışdığım 86 nömrəli məktəb idi, lisey deyildi. Bakı şəhərində 320 məktəb var və o məktəb hazırda 29-cu yerdədir. Nəzərə alın ki, burada liseylər, gimnaziyalar var. Məndən öncə həmin məktəb 158-ci yerdə idi. Öyünmək kimi çıxmasın, amma bu, işimin sayəsində belə olub. Xətai rayonunda 37 məktəb arasında 6-cı yerdə idi. Liseylərdən sonra birinci bizik. Bilirsiniz, həm müəllimə, həm valideynə, həm də şagirdə motivasiya vermək lazımdır. Bəlkə valideyn elə bir şey təklif edir ki, o bizə yeni ideyalar yaratmış olur?! Ona görə də üçtərəfli işləmək lazımdır. Direktorun ilk vəzifəsi əlçatan olmaqdır”.

Direktor yeni təyinat aldığı məktəblə bağlı da danışıb:

“Yeni kollektivdə məni daha böyük işlər gözləyir. İki mindən çox şagird əvvəlki məktəbdə idi, ondan bir qədər çox da burdadır. Şagirdlərin sevgisini qazanmaq üçün əlimdən gələni edəcəm. Bunlar məni hələ ki, qucaqlamır, tanımır, kənardan baxır. Özümüzü şagirdə qılıncla yox, məhəbbətimizlə, hərəkətlərimizlə sevdirməliyik. Məktəb direktoru digər sahə direktorlarından fərqlənməlidir. Biz müəllimə ayrı, şagirdə bir başqa, valideynə də tam ayrı kömək etməliyik”.

C.Əliyev qızının bu il Qarabağ Universitetinə qəbul olunduğunu bildirib:

“Qızım bu ildən Xankəndidə təhsil alacaq. O, Qarabağ Universitetinin Beynəlxalq Ticarət və Loqistika fakültəsinin birinci kurs tələbəsidir. Allahın izni ilə ayın 21-i qızımla mən də Xankəndiyə gedəcəm. Cənab Prezidentə və nazirə oradan öz təşəkkürümü çatdıracam”.

Həmin videonu təqdim edirik:

Mənbə: yenisabah.az