Kəraçi Universitetində partlayış baş verib – Çin araşdıracaq

Kəraçi Universitetində partlayış baş verib – Çin araşdıracaq<span class="qirmizi"></span>

Pakistanın cənubundakı Kəraçi Universitetinin ərazisində mikroavtobusun parladılması nəticəsində azı 4 nəfər ölüb.

Yerli medianın məlumatına görə, partlayış yerli vaxtla saat 13.52-də universitetdəki Çin dili tədris mərkəzinin yaxınlığında mikroavtobusda baş verib. Polis ölənlər arasında 3 Çin vətəndaşı olduğunu və hadisə yerinə terrorla mübarizə bölmələrinin göndərildiyini bildirib.

Ölənlərin Çində inşa edilmiş Konfutsi İnstitutunun direktoru Huanq Guipinq, müəllimlər Dinq Mupenq və Çen Sai və onların pakistanlı sürücüsü Xalid olduğu müəyyən edilib.

Yerli polis bunun terror aktı və ya qəza olub-olmadığını hələ dəqiq bilmədiklərini deyib, lakin Kəraçi polis rəisi Qulam Nabi Memon bildirib ki, ilkin araşdırmalar intiharçı hücumu ola biləcəyini göstərir. Memon əlavə edib ki, müşahidə kamera görüntülərində burka geyinmiş bir şəxsin mikroavtobusa doğru getdiyi və bunun ardınca ani partlayışın baş verdiyi göstərilir.

Polis baş müfəttişinin müavini Muqaddas Haider, partlayışın Çin vətəndaşlarını hədəf alan terror aktı ola biləcəyini vurğulayıb.

Yaxınlıqdakı Bəlucistan əyalətində yaraqlı qrup olan Bəlucistan Azadlıq Ordusu Çin vətəndaşlarını hədəfə almaqla məşhurdur. Yerli media xəbər verir ki, Bəlucistan Azadlıq Ordusu hücuma görə məsuliyyəti öz üzərinə götürüb, təşkilatın sözçüsü hücumun onların ilk qadın kamikadzesi tərəfindən törədildiyini iddia edib. Keçən il Pakistanın Hayber Paxtunxava şəhərində baş verən partlayışda 9 Çin vətəndaşı həlak olmuşdu.

Əvvəlki Pakistan hökuməti dövründə öz torpaqlarında xarici təhlükəsizlik qüvvələrinin fəaliyyətinə icazə verilməyəcəyi dəfələrlə bəyan edilsə də, Çin təhlükəsizlik qüvvələrinə son terror aktını araşdırmaq icazəsi verilib.

L.SƏMLA

AzPolitika.info

Mənbə: azpolitika.info