Polkovnikin həbsi ilə bağlı DİN-dən RƏSMİ AÇIQLAMA -SƏBƏB

Polkovnikin həbsi ilə bağlı DİN-dən RƏSMİ AÇIQLAMA -SƏBƏB

Azərbaycan Silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Q.Vəlişovun həbs olunması ilə bağlı xəbər yaymışdıq. Yayılan xəbərdə zabitin Beyləqan rayon polis şöbəsi tərəfindən saxlanılması barədə məlumat verilməmişdi.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən MİQ.az-a Q.Vəlişovun həbs edilmə səbəbi barədə açıqlama verilib.

Daxili İşlər Nazirliyinin mətbuat nümayəndəsi bildirib ki: "Sosial şəbəkə istifadəçisi olan bir nəfər Beyləqan rayon sakini Qadir Vəlişovun rayonun vəzifəli şəxsləri tərəfindən şərlənərək əsassız olaraq tutulması barədə məlumat yayımışdır.

Bununla əlaqədar dərhal araşdırma aparılmış və müəyyən edilmişdir ki, sosial şəbəkə istifadəçisinin iddiaları tamamilə əsassızdır. Belə ki, noyabrın 26-da Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və həyat yoldaşı İbrahim Alıyev Beyləqan RPŞ-yə müraciət edərək Qadir Vəlişovun onların yaşadıqları evə gələrək heç bir ciddi əsas olmadan onları ölümlə hədələdiyini, evdən çıxmalarını tələb etdiyini bildirmişlər. Aparılan ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Qadir Vəlişov həqiqətən də onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırmış, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirmişdir.

 

Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda ) maddəsi ilə cinayət işi başlanılmışdır. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir."

Emin Şirvanzadə

Miq.az

Mənbə: miq.az