Nikah məhkəmədə hansı müddət ərzində pozulur?

Nikah məhkəmədə hansı müddət ərzində pozulur?

Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Ər-arvadın razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ər-arvaddan biri boşanmağa razı deyilsə, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

Yeni nikaha nə zaman daxil olmaq olar?

Məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni aldıqdan sonra yeni nikaha daxil ola bilərlər.

Nikah pozulduqda yetkinlik yaşına çatmayan uşaq valideynlərdən hansının yanında qalır?

Ər-arvad yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını razılaşdırıb bu barədə məhkəməyə saziş təqdim edə bilərlər. Belə razılıq yoxdursa, və ya saziş uşaqların və ya tərəflərdən birinin marağını pozursa, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalmasını uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla müəyyən edir.

Məhkəmə təcrübəsi göstərir ki, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s.

 

Mənbə: e-huquq.az