Həkim yeni virusla bağlı bilinməyənləri açıqladı: “Bir yol daha təhlükəlidir” - BİZİM GÜNDƏM

Həkim yeni virusla bağlı bilinməyənləri açıqladı: “Bir yol daha təhlükəlidir” - BİZİM GÜNDƏM

Çində yayılan koronavirus təhlükəsi getdikçə böyüyür. Artıq bu öıkədə ölənlərin sayı 10-ə yaxınlaşır.

Virusa yoluxanların sayı 2744 nəfərdir, onlardan 461-nin vəziyyəti ağırdır. Xəstəlik ABŞ, Avropa, eləcə də Asiya ölkələrində də qeydə alınıb. Asiya ölkələrinin əksəriyyəti artıq virusla mübarizə tədbirlərinə başlayıb. Konkret isə Çinlə müxtəlif formatlarda ticarət əlaqələri quran Qırğızıstan artıq sözügedən əlaqələri dondurub.

Ölkə Çindən gələn ərzaq və geyim məhsullarını məhdudlaşdıraraq, Çinlə bu və ya digər formada ticarət münasibətlərini kəsib. Azərbaycanla Çin arasında da ticarət əlaqələri mövcuddur. Azərbaycana sənaye məhsullarının böyük əksəriyyəti Çindən idxal olunur. Eyni zamanda, oradan ölkəmizə axın var. Azərbaycan Səhiyyə Nazirliyinin açıqlamasına görə, ölkədə virusa yoluxma halı qeydə alınmayıb.

Maraqlıdır, hava-damcı yolu ilə yoluxan koronavirus qəbul etdiyimiz ərzaq məhsulları, istifadə etdiyimiz geyim və əşyalar vasitəsilə də keçə bilərmi?

Tanınmış terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında koronavirusun ərzaq məhsullarından və geyimdən də insana yoluxmasının mümkünlüyünü istisna etməyib:

“Bu virusun ərzaqdan və geyimdən keçmə ehtimalı yüksəkdir. Əslində bu günə qədər dünya ölkələrinin hamısında bütün belə xəstəliklər həmişə ticarət yolu ilə gəlib keçir. Çünki ticarət aparılan əşyaların üzərində həmin mikrob və virusların olması onun yeni bir ölkədə də təşəkkül tapmasına imkan yaradır. Artıq məlumatlar gəlir ki, Avropada da bu virus var. Avropaya da bu virus elə ticarət yolu ilə keçib. Təkcə məhsulların gətirilməsi deyil, insanların özləri də aktiv şəkildə Çinə səfər edir. Nəticədə həm insanla, həm də ticarət yolu ilə xəstəlik sürətlə yayılır. Azərbaycana idxal olunan bütün məhsulların sərhəd- keçid məntəqələrində yoxlanışdan keçməsi texniki cəhətdən mümkün deyil. Ölkəmiz üçün bu, bir qədər çətindir. Sərhəddə yoxlanışla bağlı quraşdırılan avadanlıqlar mənasızdır. Sərhəddə virusun təyin edilməsi üçün mikrolabaratoriya qurmurlar. Sadəcə, ümumi təbliğat xarakterli tədbirlər aparılır. Ölkələrdə bir qayda olaraq proses dərişləşir, sonra üst qurumlar məsələyə müdaxilə edir. Belə yanaşma tərzi ilə hansı virusun qarşısını almaq olar?”

Həkim qeyd edib ki, hazırda qrip virusu dünyada sürətlə yayılır və Azərbaycanda da bu xəstəliyin müşahidə olunacağı istisna deyil:

“Səhiyyə Nazirliyi, Respublika Taun Əleyhinə Stansiya və Mikrobiologiya İnstitutu analizlər götürüb xalqa məlumat verməlidirlər ki, hazırda ölkədə baş alıb gedən viruslar hansı xarakter daşıyır. Koronavirus da adi qrip növlərindən biridir. Qeyri-adi bir virus deyil. Çində bu virusdan 80 nəfər ölüb. Əslində çox sıx əhalisi olan ölkə üçün bu, çox kiçik rəqəmdir. Hər il Azərbaycanın özündə də qrip virusundan ölənlər olur. Sadəcə, statistik olaraq məlumat verilmir. Qrip virusundan ölənlər sağlam insanlar deyil. Hansısa xroniki xəstəlik keçirən insanlar qripə yoluxarsa, bu virus orqanizmdə kəskin proses yaradır. Həm də virusun təsir yerlərindən çox şey asılıdır. Koronavirus insan orqanizminə 3 istiqamətdə - ağciyərlərə, mədə-bağırsaq sisteminə və mərkəzi sinir sisteminə təsir edir. Mərkəzi sinir sisteminə nəinki koronavirus, digər virusların hər hansısı təsir edirsə, ölüm baş verir. Çünki mərkəzi sinir sistemi həddindən artıq həssas yerdir və onu idarə etmək tibbdə çox çətindir. Amma mədə-bağırsaq və ağciyərlərə virus düşəndə və vaxtında tədbir gördükdə xəstəliyin qarşısını almaq mümkün olur”.

Rasif Bağırov onu da əlavə edib ki, Sovet sistemindən qalma bir stereotip var:

“SSRİ-də həkim hər hansı bir infeksiya aşkarlayan kimi ona “çox sağ ol” demək əvəzinə töhmət verirdirlər. Həkimin başına elə bir oyun açırdılar ki...Nəticədə həkimlər cəmiyyət üçün təhlükəli olan infeksiyaları aşkarlayanda, gizlin saxlamağa məcbur olurdular. Çünki bilirdilər ki, cərimə və ya töhmət alacaqlar. Müəyyən dərmanlarla xəstə vəziyyətdən çıxırdı, amma əsl diaqnozu yazmırdılar. Bu stereotip sovet səhiyyəsində var idi. MDB respublikalarında isə hansısa həkim infeksiya aşkarlayırsa, həkimi mükafatlandırırlar ki, ölkə üçün təhlükəli olan virusun qarşısını almaq mümkün olacaq. Bizdə də belə olmalıdır”.

Mənbə: cebhe.info