Nərminin nənəsi yeni ittiham səsləndirir, amma...

Nərminin nənəsi yeni ittiham səsləndirir, amma...

Nərminin yas mərasiminin öz evlərində keçirilməsini istəyirdim. Amma qızım, onun baldızları, qayınanası buna razı olmadı. Qızım əziyyətimi yerə vurdu. Buna görə aramızda inciklik yaranıb.

Bunu Axar.az-a açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova deyib.

O bildirib ki, qızı əvvəllər İlkinin qohumunun kafesində işləyirdi və həmin kafe sahibi ilə Nərminin atası Şərif arasında tez-tez mübahisə düşürdü:

“Qızım İlkinin yeznəsi İbişin kafesində işləyirdi. Şərif qızımın o kafedə işləməsinə razı deyildi deyə, tez-tez dalaşırdılar. Mənə elə gəlir ki, Nərminin qətlində başqasının da əli var. Çünki bu, tək İlkinin işi deyil. Hələlik axtarış aparılır. Bir neçə gün əvvəl Tovuzda Baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olanda məndən kimdən şübhələndiyimi soruşdu. Müavin də dedi ki, kürəkənin, yəni Nərminin atası Şərif İlkinin evində axtarış aparılmasına etiraz edib. Bəlkə də Şərif imkan versəydi, Nərmin o evdən sağ tapılardı”.

Minayə İsmayılova qızının Bakıdan ev istəməsinə də etiraz edib:

“Başa düşmürəm, qızımın marağı nədir ki, Bakıda ev axtarır? Hələ onun uşağının qatili tam dəqiqləşməyib, qəbri buradadır, necə Bakıdan ev istəyə bilər axı?! İlkinin ailəsi belə qızımın bu fikirlərinə etiraz etdilər, deyirlər Nərminin ailəsinin kəndi tərk etməsinə ehtiyac yoxdur. İlkinin qatil olması sübuta yetirilsə, özümüz kənddən çıxacağıq”.

Məsələ ilə bağlı danışan Nərminin əmisi Lətif Quliyev isə Nərminin anası Aynurənin İlkinin yeznəsinin kafesində işləməsini təsdiq etsə də, onlar arasında hansısa mübahisənin olmasını təkzib edib:

“Düzdür, Aynurə İbişin kafesində işləyirdi. Amma qardaşım onun işləməsinə etiraz etməyib. Heç Şəriflə də İbiş arasında mübahisə düşməyib”.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ötən gün Nərminin nənəsinin ailədaxili münaqişə ilə bağlı açıqlaması isə müzakirələr doğurub.

Mənbə: axar.az