Ağcabədidə pambıq sahəsində top mərmisi tapılıb

Ağcabədidə pambıq sahəsində top mərmisi tapılıb

Fevralın 13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində pambıq sahəsindən mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan APA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BK-14M) aşkar olunub. Havanın qaranlıq və mərminin partladıcısının üzərində olmasına görə top mərmisi fevralın 14-də yerində zərərsizləşdirilib.

Top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Mənbə: apa.az