Musiqi dinləməyə görə törədilən qətl: - məhkəmə ətrafında bıçaqlı hədə-qorxu

Musiqi dinləməyə görə törədilən qətl: - məhkəmə ətrafında bıçaqlı hədə-qorxu

Qonaq getdiyi evdə qonşunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən gənc hakim qarşısına çıxarılıb. Hadisəyə səbəb qətli törədən şəxsin yüksək səslə musiqiyə qulaq asması, qarşı tərəfin bu hərəkəti bəyənməməsi olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham edilən 24 yaşlı Rəhman İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmənin baxış iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda göstərilir ki, Rəhman İsmayılov aralarında yaranmış mübahisə zəminində Cəlal Marifzadəni qətlə yetirib. Hadisə Nərimanov rayonunda baş verib. Belə ki, Rəhman bibisigilə qonaq gedib. Fərdi yaşayış evinin qarşısında Rəhman bibisi, bibisinin gəlini və həyat yoldaşı ilə birlikdə mahnıya qulaq asıb. Bildirilir ki, Rəhman bu zaman səsgücləndiricidən istifadə edib.

Məhəllə sakini Cəlal Marifzadə ona yaxınlaşaraq mahnının səsini azaltmasını istəyib. Bu zaman aralarında mübahisə yaranıb. İttihamda göstərilir ki, Rəhman Cəlalın bu hərəkətlərindən qəzəblənib. Bibisinin evindən bıçaq götürərək Cəlalın yaşadığı mənzilə gedən Rəhman onun evdən çıxmasını gözləyib.

Cəlal evdən çıxan zaman Rəhman onunla mübahisə etməyə başlayıb. Cibindən bıçağı çıxaran Rəhman Cəlalın qarın nahiyyəsinə bir neçə zərbə endirib. Cəlal aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Törətdiyi əmələ görə Rəhman İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Elan edilmiş ittihamla Rəhman İsmayılov özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən Rəhman İsmayılov qeyd edib ki, hadisənin baş verməsinə səbəb Cəlalın söyüş söyməsi olub.

"Mən ailəmlə mahnıya qulaq asırdım. Səs də yüksək deyildi. Əgər elə olsaydı, qonşulardan kimsə gəlib şikayət edərdi. O mənə yaxınlaşıb söyüş söydü. Sonra da dedi ki, birazdan görüşərik. Dedi ki, evə gedib qayıdıram.

Mən də içəri gedib bıçaq götürdüm. Düşündüm ki, gələndə üstündə nəsə ola bilər. Çünki məni vurmaq istəsəydi elə orada vurardı. Evə getdiyi üçün düşündüm ki, bıçaq götürə bilər. Mənim onu vurmaq yox, özümü müdafiə etmək niyyətim olub" - deyə təqsirləndirilən şəxs bildirib.

Məhkəmə iclasında Mərhumun yaxınları ilə təqsirləndirilən şəxsin yaxınları arasında bir neçə dəfə gərginlik yaşanıb. Məhkəmə icraçıları tərəflərin sakitləşdirib.

Təqsirləndirilən şəxsin yaxınları polis məlumat verərək bildiriblər ki, Məhkəmə prosesi başlamadan əvvəl, Məhkəmə binasının yaxınlığında mərhumun yaxınları tərəfindən bıçaqla hədələniblər. Bu səbəbdən də məhkəmə icraçıları prosesi ciddi nəzarətdə saxlayıblar. Tərəflər məhkəmə zalına ayrı-ayrı girişlərdən gətirilib və hər iki tərəfin təhlükəsizliyi təmin edilib.

Mənbə: www.dia.az