"Sənin sonunu görəcəm" Prokuror sevgİlİsİnİ öldürməkdə suçlanan Günelə cəza İstədİ

"Sənin sonunu görəcəm"  Prokuror sevgİlİsİnİ öldürməkdə suçlanan Günelə cəza İstədİ

Qəsdən adam öldürməkdə təqsirli bilinən qadın növbəti dəfə hakim qarşısına çıxarılıb. O, qeyri-rəsmi münasibətdə olduğu şəxsi qətlə yetirməkdə suçlanır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməkdə ittiham edilən Qasımova Günel Eldar qızının cinayət işi məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror törətdiyi əmələ görə Günel Qasımovanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı çıxışında deyib ki, Günel hadisədən əvvəl Ramiz Hüseynova mesaj yazaraq pulu qaytarmadıöı üçün ondan qisas alacağını deyib. Məlum olub ki, mərhumla aralarında sevgi münasibəti olan Günel bir neçə dəfə ona borca pul verib.

Ramiz Hüseynovun borcu geri qaytarmaması Güneli qəzəbləndirib və qisas almağı planlaşdırıb.

Prokuror çıxışında bildirib ki, Günel hadisədən sonra izi itirmək üçün parkda olan nəzarət kameralarının əks istiqamətinə, qaranlıq əraziyə doğu hərəkət edib. Dövlət ittihamçısı Günelin əməlinin məhkəmə istintaqında tam olaraq sübuta yetirildiyini deyib.

O da məlum olub ki, Günelin mərhuma sonuncu mesajı "inanmıram, ona görə başlayıram. Sənin sonunu görəcəm..." məzmununda olub.

Məhkəmə iclasında zərərçəkmiş tərəfin nümayəndəsi də çıxış edib və Günel Qasımovaya ağır cəza kəsilməsini istəyib.

Günel Qasımovanın vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. Daha sonra o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Günel Qasımova qətl törətməsini etiraf etmir, özünü günahkar bilmir.

Mənbə: virtualaz.org