Azərbaycanda tələbələrin öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda tələbələrin öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR

Bir neçə ay əvvəl Gəncədə 2 tələbə oğlanın ölümü ilə nəticələnən yol qəzasını törətməkdə şübhəli bilinən sürücü barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Məmmədov Zaur Rauf oğlu barəsindəAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.4-cü, yəni, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda və 264-cü, yəni, yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə açılmış işin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Nural Əliyevin sədrliyi ilə baxılacaq və hazırlıq iclası fevralın 27-də keçiriləcək.

Qeyd edək ki, keçən ilin oktyabr ayında Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Zaur Məmmədovun idarə etdiyi "Lada Priora" markalı avtomobil İ.Qayıbov küçəsi ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olan zaman, Abbasəli Tağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub, daha sonra isə yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində, "Priora"nın sərnişinləri, Tərtər və Saatlı sakinləri, 2000-cı il təvəllüdlü Akif Arif oğlu Bayramlı və həmyaşıdı Eldar Kərim oğlu Məmmədov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Xatırladaq ki, qəzada həlak olanlar Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə III kurs tələbələridir.
 

Mənbə: news24.az