“Hacıbala Muradəli oğlunun evində 11 cəsəd var idi” – Şahid ifadələri

“Hacıbala Muradəli oğlunun evində 11 cəsəd var idi” – Şahid ifadələri

Ermənilərin törətdiyi Xocalı soyqırımından 28 il ötdü. 1905-ci ildən başlayan erməni cinayətlərinin ən pik həddi 1918-ci ildə oldu. Həmin il ermənilər Azərbaycanda 50 min insanı qətlə yetirdilər.

Təkcə Bakıda 11 min günahsız insanı öldürdülər. 1918-ci ilin mart ayınadək təkcə İrəvan quberniyasının 199 kəndi ermənilər tərəfindən talan edildi. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra ilk işlərdən biri bu cinayətləri araşdırmaq oldu.

1918-ci il iyulun 15-də Zaqafqaziyada müsəlmanlar üzərində zorakılıqları araşdıracaq Fövqəladə İstintaq Komissiyası (FİK) yaradıldı. Bu qərara əsasən, I Dünya müharibəsi (1914-1918) illərində ermənilərin Güney Qafqaz ərazisində yerli türk əhalisinə qarşı törətdikləri vəhşiliklər və onların əmlaklarına qəsd ilə bağlı məsələlər araşdırılmalı, bu işdə günahkar olan şəxslər aşkarlanaraq cinayət məsuliyyətinə cəlb edilməli idilər. İşin təşkili xariciyyə nazirinə tapşırılmışdı. Komissiyanın sədri andlı iclasçı Əliəkbər bəy Xasməhəmmədov, üzvləri isə Bakı Dairə Məhkəməsinin müavinləri İsmayıl bəy Şahmalıyev, A.F.Novatski, Bakı Dairə Məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə Köçürmə İdarəsindən N.M.Mixaylov, həqiqi mülki müşavir V.V.Qudvillo və müəllim Mirzə Cavad Axundzadə idilər. FİK-in topladığı faktlar ermənilərin Bakı, Şamaxı, Quba, Gəncə, Şəki, Qarabağ, Zəngəzur və başqa bölgələrdə törətdiyi cinayətlərə dair 36 cildlik instintaq materiallarını təşkil etdi.

Ermənistan və Azərbaycan sovetləşdikdən sonra ermənilər bu cinayətlərini müvəqqəti şəkildə dayandırsalar da, imperiyanın dağılmasından qısa zaman sonra qaldıqları yerdən davam etdirdilər. Sovet dönəmində hazırlıq içərisində olan erməni terrorçuları dağınıqlıq dönəmindən istifadə edib Xocalı soyqırımını törətdilər. Xocalı soyqırımı haqqında çox yazılıb. “Xocalıya ədalət!” kampaniyası neçə illərdir davam edir. Bizim diqqət çəkmək istədiyimiz məqam ermənilərin 100 il öncə və Xocalıda eyni formada vəhşilikləri etmələridir. Məsələn, FİK-in 3 dekabr 1918-ci il tarixli dindirmə protokolunda zərərçəkən Mirzə Şirəliyev ifadəsində deyir: “Türk qoşunları hücuma keçən kimi ermənilər geri çəkildilər.

Bu müddətdə biz öz kəndimizə qayıtdıq və dağıntıların dəhşətli mənzərəsi ilə üzləşdik. Hər tərəf qətlə yetirilmiş müsəlmanların cəsədləri ilə dolu idi: öldürülmüş qocalar, döşləri kəsilmiş qadınlar, süngülərlə dəlik-deşik edilmiş kiçik yaşlı uşaqlar. Hacıbala Muradəli oğlunun evində 11 cəsəd var idi: ev yiyəsinin özü, onun arvadı, gəlini, kiçik yaşlı uşaqları, o cümlədən bir südəmər körpə və Hacıbalanın qohumları. Biz sonradan Ramana kəndinin yaxınlığında, boş bir evdə qolları arxadan bağlanmış 12 meyit tapdıq. Meyitlərdən biri qadın, digəri uşaq, qalanları isə kişilər idi.

Bir çox kənd sakinlərinin meyiti hələ də tapılmamışdır. Mən ermənilər tərəfindən alovun içinə atılmış və yanıb qaralmış meyitlərə rast gəlmişəm”. Xocalı soyqırımının şahidi Füzuli Nağıyevin şahid ifadələrinə diqqət edək: “Cəsədlərin yuyulmasında mən də iştirak etdim…Onlara işgəncə verilmişdi – cəsədlər alovdan yanmışdı, məftillə bağlanmışdı. Üç cəsədin başı bədənindən ayrılmışdı. Onlar tanımaz vəziyyətə gətirilmişdi, lakin çətinliklə onları tanıya bildik.

Valideynləri Ağdama gəlmədən biz onları dəfn edə bilmədik, baş və bədənləri uyğunlaşdırdıq və örtüyə sarıdıq. Onların ailələri cəsədləri görərkən özlərini təhqir olunmuş hesab etdilər...Onların arasında üç yaşlı bir qız var idi; onlar bu uşağı öldürmüş və onun bütün bədənini doğramışdılar”. Aradan yüz il keçsə də, dünya dəyişsə də, erməni terrorizminin mahiyyəti dəyişməmişdi: yenə də qadınları, qocaları öldürmək, uşaqları qətlə yetirmək, meyitləri təhqir etmək...

Mənbə: teleqraf.com