Azərbaycana pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən şəxslər şikayət verib

Azərbaycana pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən şəxslər şikayət verib

Azərbaycana pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən Şahmar Abdullayev və Faiq Məmmədov barələrindəki hökmdən apelyasiya şikayəti verib.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını tələb ediblər.

Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin icraatına verilib. Məhkəmənin ilkin baxışı martın 5-ə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, cinayət işi üzrə keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə etməklə orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda nəşr olunaraq həmin məhsulların Azərbaycanın gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilməsi və respublika ərazisində satışının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb. M. Aslanov, S. Dünyamalıyev, Ş. Abdullayev, F. Qocayev və X. Qocayevin cinayət işi ayrıca icraata götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Şahmar Abdullayev və Faiq Məmmədov 1 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökm çıxarılan günə qədər həbsdə olduqları 1 il 5 ay müddəti nəzərə alınıb və onlar məhkəmə zalından azadlığa buraxılıb. Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi isə ittihamdan xaric edilib.

Mənbə: apa.az