Urmiya həbsxanasında koronavirus geniş yayılıb, bir məhbus həyatını itirib

Urmiya həbsxanasında koronavirus geniş yayılıb, bir məhbus həyatını itirib

GünAz TV: Urmiya şəhərinin mərkəzi zindanında koronavirusun geniş yayıldığı bildirilir, artıq virusa yoluxan bir məhbusun həyatını itirdiyi barədə məlumat yayılıb.

“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, koronavirusdan ölən məhbusun adı Fərid Məhəmmədidir. 6 ildir Urmiya zindanında həbs edilən məhbus narkotik maddələrinin qaçaqmalçılığı ittihamı ilə 25 il həbs cəzasına məhkum edilib.

Fərid Məhəmmədi koronavirus şübhəsi ilə fevralın 27-də şəhərin xəstəxanasına yerləşdirilib.

Məlumata görə, 3 gün əvvəl Urmiya həbsxanasının “işçilər” korpusundan 13, gənclər və 14-cü bölümlərdən isə 3 məhbus koronavirus şübhəsi ilə şəhərin xəstəxanasına aparılıb.

Qeyd edək ki, Urmiyanın Mərkəzi Zindanının natəmiz vəziyyətdə olması hər zaman medianın gündəmində olub. Baxımsız vəziyyətdə olan həbsxanada koronavirusun geniş yayılacağı gözlənilir.

Ötən günlərdə müxtəlif insan hüquqları qurumları İran rejiminə müraciət edərək ölkədə koronavirusun yayılması ilə əlaqədar siyasi məhbusları müvəqqəti azadlığa buraxmağa çağırıblar.

N.S

Mənbə: www.gunaz.tv