İranda 43 həkim və tibb bacısı koronavirusdan ölüb

İranda 43 həkim və tibb bacısı koronavirusdan ölüb

GünAz TV: İranda koronavirus pandemiyası digərlərinin həyatını xilas etməyə çalışan tibb işçilərinin də canını almağa davam edir.

Bu barədə martın 25-də İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb. O, məsələnin detallarını açıqlamayıb.

Lakin ölənlərdən 9 nəfərinin Babül şəhərinin Tibb Elmləri İnstitutunun əməkdaşları olduğu deyilir. Dünyasını dəyişənlər həkimlər- Müzəffər Rəbii, Mustafa Səmədi, Fərid Niruyi, İrəc İbrahimnejad və Səməd Babazadə, tibb bacıları və qardaşları- Məcid Ərdəşiri, Raziyə Hüseynnejad, eləcə də Sadati və Cəlaliniya soyadında digər 2 nəfərdir.

Tehranda isə Mehdi Veriçi adlı həkim koronavirusdan vəfat edib və o, doğulduğu Sari şəhərində torpağa tapşırılıb.

Digər bölgələrdə koronavirusa yoluxaraq ölən tibbi personal içərisində Lahicanın Milad xəstəxanasının 25 yaşlı tibb bacısı Nərgiz Xanəlizadə də var. O, İranda koronavirusdan ölən ilk tibb bacısı hesab edilir.

Yayılan digər xəbərlərdə ölkənin müxtəlif bölgələrində koronavirusa yoluxmuş çoxlu sayda tibb işçisi olduğu deyilir. Eləcə də, Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində 62 tibb işçisinin sözügedən xəstəliyə yoluxduğu bildirilir.

Ə.A

Mənbə: www.gunaz.tv