Yeni Zelandiyada 51 nəfəri öldürən qatil etiraf etdi

Yeni Zelandiyada 51 nəfəri öldürən qatil etiraf etdi

Avstraliyalı Brenton Tarrant Yeni Zelandiyanın Kristçerç şəhərindəki məscidlərdə əlli nəfərdən çox insanın öldürülməsində günahını etiraf edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı martın 26-da “The New Zealand Herald” nəşri yayıb.

Qeyd olunur ki, 29 yaşlı Tarrant, həbsxana kamerasından edilən bir video ifadəsi əsnasında Kristçerç məhkəməsinə etiraf edib və şəhərin iki məscidində atışma zamanı 51 nəfərin öldürülməsini həyata keçirdiyini bildirib.

O, 40 ittihamda günahını da etiraf edib və məscidlərdə insanlara hücum etmək üçün “yeganə atıcı” olduğunu bildirib.

Hakim Kameron Mander avstraliyalını terrorizm də daxil olmaqla bütün məsələlərdə günahkar hesab edib. O, 1 may tarixinə qədər cəzasını gözləyəcək.

Xatırladaq ki, 15 mart 2019-cu ildə Yeni Zelandiyanın Kristçerç şəhərində iki məscid atəşə tutulub, nəticədə 51 nəfər ölüb və təxminən 50 nəfər xəsarət alıb.

Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern hadisəni terror aktı adlandırıb.

Məscidlərdən birinə hücumu lentə alan və sosial şəbəkələrdə canlı yayımlayan avstraliyalı Brenton Tarranta qarşı cinayət ittihamı irəli sürülüb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az