"Hər gün yaşı 65-dən çox olan beş adamla danışaq" - Sosioloq baş redaktoru dəstəklədi

"Hər gün yaşı 65-dən çox olan beş adamla danışaq" - Sosioloq baş redaktoru dəstəklədi

Hövsan yaşayış kompleksinin açılışına qatılan Azərbaycan Prezidenti dövlət televiziyasının suallarını cavablandıraraq koronavirus əleyhinə görülən işlərdən danışıb, insanlara çağırışlar edib. Dövlət başçısı yaşlı nəslin nümayəndələrinə özlərini və uşaqlarını qorumağı tövsiyə edib.

"Sherg.az"a danışan sosioloq Əhməd Qəşəmoğlu da yaşlıların xüsusilə belə fövqəladə hallarda qayğıya ehtiyacları olduğunu dedi:

"Əlbəttə, yaşlı nəslə diqqət göstərilməlidir. Bildiyimə görə, yaşı 65-dən çox olanlar üçün müəyyən sosial xidmətlər nəzərdə tutulub. Amma insanlar da özlərinə və ətrafdakılara qarşı məsuliyyətli olmalıdırlar. Hər şeyi dövlətdən gözləmək olmaz. Onsuz da hökumət vətəndaşların rifahı üçün əlindən gələni edir".

Ə. Qəşəmoğlunun sözlərinə görə, heç də bütün vətəndaşların imkanları eyni deyil:

"Dövlət sektorunda çalışanların vəziyyəti nisbətən yaxşıdır. Amma elələri var ki, bankdan pul götürüb, hansısa obyekti icarə əsasında işlədir, özü də kirayədə qalır. Bu zaman həmin şəxs ödəmələri vaxtı- vaxtında etmək üçün məcbur qalıb evdən çölə çıxmalıdır. Yaxşı olar, banklar bu problemi nəzərə alsınlar".

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə hər gün yaşı 65-dən çox beş adamla danışmağı, hal- əhval tutmağı təklif edib. Bu barədə o, özünün "Facebook" hesabında yazıb. Sosioloq təklifi müsbət qiymətləndirir:

"Əlbəttə, yaxşı təşəbbüsdür. Mən də yaşlı nəslin bir nümayəndəsi kimi Rəşad bəyə təşəkkür edirəm. Ancaq məhdudlaşdırmağa ehtiyac yoxdur. Gündə iki- üç nəfərlə də danışmaq olar. Eyni zamanda bu, təkcə gənclərin öhdəsinə düşmür. Yaşlılar da bir- biriləri ilə maraqlanmalıdırlar".

Kənan Novruzov

Mənbə: sherg.az