“Başını divara çırpıb, 12 bıçaq vurub” - Piriyev onu məhkəməyə verən keçmiş arvadını öldürmək istəyib

“Başını divara çırpıb, 12 bıçaq vurub” - Piriyev onu məhkəməyə verən keçmiş arvadını öldürmək istəyib

Boşandıqdan sonra əmlak tələb edən keçmiş arvadını öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb. O, keçmiş arvadına 12 bıçaq zərbəsi vursa da onu öldürmək istəmədiyini deyir.

Musavat.com xəbər verir ki, 1978-ci il Piriyev Mehdi Sədaqət oğlu Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

İttihama görə, Mehdi Piriyev məhkəmə qaydasında nikahlarına xitam verilmiş keçmiş arvadı Məmmədova Ülviyyə Elxan qızını öldürməyə cəhd edib.

Piriyev keçmiş arvadının ona qarşı əmlak tələbi və digər mülki xarakterli iddia tələbləri ilə məhkəməyə müraciət etməsinə görə ondan qisas almaq üçün öldürmək qərarına gəlib.

Bu məqsədlə Ülviyyə Məmmədovanın yaşadığı Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi, 3 nömrəli evin qarşısına gələrək, onun işdən çıxıb, yaşadığı evə gəlməsini gözləyib. Ülviyyə Məmmədovanı yaşadığı evə doğru getdiyini görüb, onun qarşısına keçərək saçından tutub divara çırpandan sonra yerə yıxıb.

Piriyev üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış suvenir tipli bıçaqla Ülviyyə Məmmədovanın bədəninin həyat fəaliyyəti üçün vacib olan orqanlarına 12 bədən xəsarəti yetirib.

Piriyev Ülviyyənin aldığı xəsarətlərdən öldüyünü zənn edərək hadisə yerini tərk edib. Ülviyyənin vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən Mehdi Piriyev hökmdən narazı qalıb. O apellyasiya şikayəti verərək göstərib ki, hökm üzrə tətbiq edilən cəza törətdiyi cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun deyil.

Piriyev deyib ki, keçmiş arvadını öldürmək məqsədi olmayıb. O, əməlinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməsini istəyib.

Məhkəmədə çıxış edən Piriyevin vəkili deyib ki, Mehdi söhbət etmək üçün Ülviyyəni gözləyib. Ülviyyənin tək evə tərəf gəldiyini görüb yaxınlaşaraq dayanmasını xahiş etsə də, Ülviyyə qaçmağa başladığı üçün onun arxasınca təxminən 5-6 metr qaçaraq onu tutub.

Vəkil bildirib ki, Ülviyyəyə onunla danışmaq istədiyini bildirib, lakin Ülviyyə onunla danışmaq istəməyib, ucadan qışqıraraq onu təhqir edib.

“Mehdi Ülviyyənin saçından tutub. Ülviyyə yerə yıxıldıqdan sonra, özü də bilmədən üzərindəki bıçağı çıxardıb və ona 2-3 dəfə zərbə endirib. Ani olaraq özünə gəlib və hərəkətini dayandırıb. Hərəkətini davam etdirməkdə ona heç kim mane olmayıb və yalnız öz istəyi ilə hərəkətini dayandırıb. Sonra da polis şöbəsinə gedərək təslim olub” - deyə vəkil müdafiə çıxışında bildirib.

Zərərçəkmiş Ülviyyə Məmmədova şikayətinin olduğunu, Mehdi Piriyevə ağır cəza verilməsini tələb edib.

Məlum olub ki, Ülviyyə məhkəməyə iddia ərizəsi də təqdim edib.

Ülviyyə hadisə baş verdikdən sonra valideynləri tərəfindən dəfələrlə öz hesablarına qan-plazma alındığını, bunun üçün 10 min manat xərclədiyini, digər tərəfdən 21 gün reanimasiyada qaldığını, həmin müddət ona qan köçürüldüyünü, daimi müalicə aparıldığını, bıçaq zərbələrindən açılan yaralar irin verdiyindən və bədəninin hərarəti azalmadığından öz vəsaiti hesabına əlavə dərmanlar və qan-plazma aldığını, buna da 10000 manat xərclədiyini, lakin müalicəsi effekt vermədiyindən, hərəkət məhdudiyyəti olduğundan Almaniya istehsalı homeopatik dərmanlarla müalicə olunduğunu bildirib.

Ülviyyə bundan başqa Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında fizioterapiya və sair müalicələrini aldığını, bu müalicəsinə də 10.500 manat xərclədiyini, hazırki vaxtda həmin klinikada müalicəsinin davam etdiyini, həkimlərin göstərişinə görə hərəkətinin bərpa olunması üçün müalicəsinin uzun illər davam etməli olduğunu deyib.

Hadisəyə qədər “Qolden House” əmlak firmasında aylıq əmək haqqı 300 manat olmaqla çalışdığını deyən Ülviyyə bildirib ki, artıq bir ildir ki, işləyə bilmir. Həmin müddətdə itirdiyi 3600 manat qazancı da keçmiş ərindən tələb edir.

Ülviyyə təqsirləndirilən şəxsin qanunazidd əməli nəticəsində ona 20 min manat mənəvi zərər dəydiyini qeyd edib. Maddi ziyan olmaqla isə cəmi 44 min 500 manat tələb edir.

Məhkəmə Ülviyyənin mülki iddiası qismən təmin edib. Müalicə xərclərinin Mehdi Piriyevdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılıb.

Sumqayıt Apellyasiya Məhkəməsi Mehdi Piriyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin etməyib.

Mənbə: cia.az