Güney Azərbaycanda koronavirus qurbanlarının sayı artır

GünAz TV: Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayı artaraq davam edir.

Təbriz Tibb Universitetinin rəis müavini Ruzbeh Rəcayi “Səhənd” telekanalına verdiyi müsahibədə cümə günü daha 82 nəfərdə koronavirus infeksiyasına yoluxma faktının qeydə alındığını bildirib. Onun sözlərinə görə, bu günədək Şərqi Azərbaycan Əyalətində 1272 nəfər koronavirusa yoluxub, onlardan 120-i həyatını itirib.

Ruzbeh Rəcayi təkcə cümə günü 6 nəfərin koronavirusdan öldüyünü diqqətə çatdırıb.

Tibb Universitetinin rəis müavini vurğulayıb ki, virusa yoluxma zənciri qısa müddətdə qırılmasa, vəziyyət təmami ilə nəzarətdən çıxacaq, hətta xəstələrə tibbi yardım göstərmək mümkün olmayacaq.

Qərbi Azərbaycanda isə infeksiyaya yoluxanların sayı 597 nəfərə çatıb.

Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadənin dediyinə əsasən virusa yoluxanlardan 49-u həyatını itirib, 310-u isə artıq sağalıb.

Qəzvin əyalətinə gəlincə 841 nəfərin koronavirusa yoluxduğu, 100 nəfərin həyatını itirdiyi bildirilir. Qəzvin Güney Azərbaycanda virusa yoluxanlar və qurbanların sayına görə Şərqi Azərbaycandan sonra ikinci yeri tutur.

Ərdəbil əyalətində də koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artıb.

Ərdəbil Tibb Universitetinin rəis müavini Əfşin Fəthinin dediyinə görə, son 24 saat ərzində bu əyalətdə daha 10 nəfərdə yoluxma faktı qeydə alınıb, bununla da xəstələrin sayı 365 nəfərə çatıb.

O əlavə edib ki, həmin gün infeksiyaya yoluxan daha dörd nəfər həyatını itirib və beləliklə ölənlərin ümumi sayı 56 nəfərə çatıb.

Zəncan Əyalətində də son 24 saat ərzində daha 24 nəfərdə koronavirus aşkarlanıb.

Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə koronavirus xəstələrinin sayının 494-ə çatdığını bildirib. Onlardan 41-i həyatını itirib.

Həmədan Əyalətində isə son rəsmi məlumat cümə axşamı günü açıqlanıb. Həmin məlumata əsasən, əyalətdə 355 nəfər koronavirusa yoluxub, onlardan 29-ü həyatını itirib.

Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat çox olduğunu bildirir.

N.S

Gunaz.tv

ƏVVƏLKİ XƏBƏR

Pentaqon İrana bağlı "Kətəibul-Hizbullah" qruplaşmasını tamamilə məhv etmək üçün plan hazırlayır

SONRAKI XƏBƏR

İranın Ramsər şəhəri tamamilə karantinə alınıb