Koronavirusun Azərbaycana “gəlişinin” bir ayı tamam oldu

Koronavirusun Azərbaycana “gəlişinin” bir ayı tamam oldu

Azərbaycanda koronavirusa ilk yoluxma halının qeydə alınmasından 1 ay keçir. Bu il fevralın 28-də Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

"Yeni Sabah" bildirir ki, koronavirusa yoluxan ilk şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib.

5 martda isə Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, daha üç şəxsdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

9 martda isə İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. 10 martda isə İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. 11 martda isə Azərbaycanın iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib. 12 martda Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb. Qərargahdan daxil olan məlumatda bildirilir ki, Azərbaycanda COVİD-19-dan ilk ölüm gerçəkləşib. Ölən şəxs İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadındır.

13 martda isə Azərbaycanda koronavirus pandemiyasına (COVID-19) yoluxanların sayı 19 nəfər olub. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib. 15 martda Azərbaycan Respublikasında iki yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

21 martda Azərbaycanda doqquz yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata əsasən, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir. 23 mart 2020-ci il tarixində isə Azərbaycan Respublikasında 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Ümumilikdə yoluxanların sayı 72 nəfər olub.

Nazirlər Kabineti yanında Operativ Qərarghdan verilən xəbərə görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 3 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir.

25 martda Azərbaycan Respublikasında altı yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb və bir nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumatda deyilib. 26 martda Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib. Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Dünən isə Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabidenti yanında Operativ Qərargahdan bildirilib. Bu gün isə Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmayıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 147 nəfərdir, onlardan 11 pasiyentin vəziyyəti orta ağır, 6 isə ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 165-dir və koronavirusdan 3 ölüm faktı qeydə alınıb. Ümumilikdə 15 nəfər koronavirusa yoluxmuş xəstə sağalaraq, evlərinə göndərilib. Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Sabrina Eldarqızı

Mənbə: yenisabah.az