Ərini tanışına sifarişlə öldürtdürdü - MƏHKƏMƏ

Ərini tanışına sifarişlə öldürtdürdü - MƏHKƏMƏ

Ali Məhkəmədə qəsdən adam öldürməkdə təqsirləndirilən Vəfalı Əliyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Oxu.Az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Baxşiyev 18 il 6 ay, Vəfalı Əliyev 18 il və qətli şifariş etməkdə ittiham edilən Nailə Ağayeva isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.

Şirvan Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib.

Qeyd edək ki, 2018-ci il iyunun 29-da Yardımlı rayonundakı meşə zolağında yerli meşəbəyi “UAZ-469” markalı avtomobilin yanında parçalanmış insan cəsədi tapıb.

Cəsədi yırtıcı heyvanlar - canavarlar parçalayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tezliklə kişinin şəxsiyyətini müəyyən ediblər. Məlum olub ki, həmin şəxs Lerik rayon sakini Mail Ağayevdir. O da müəyyən edilib ki, kişinin meyiti meşə zolağına 8 gün əvvəl düşüb.

İlk şübhəlilər elə Ağayevin qohumları olub. M.Ağayevin 43 yaşlı həyat yoldaşı N.Ağayeva ətrafında aparılan araşdırma zamanı qadının qətl hadisəsinə qarışdığı ortaya çıxıb. Lakin qadın bu əməli təklikdə törətməyib. Bu işdə ona yaxın qohumları olan 22 yaşlı Lerik rayon sakini A.Baxşiyev və 25 yaşlı Bakı şəhər sakini V.Əliyev kömək ediblər. Adı çəkilən şəxslərin hər üçü saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, N.Ağayeva ilə A.Baxşıyev arasında sevgi münasibətləri olub. N.Ağayeva etiraf edib ki, ərini aradan götürmək qərarını o, özü verib və cinayəti də özü təşkil edib. Qadının sözlərinə görə, əri onun xoşbəxtliyinə mane olub. A.Baxşiyev M.Ağayevi öldürməyə razılıq verib və bu iş üçün yaxın qohumuna müraciət edib. Məhz V.Əliyev M.Ağayevin sinəsinə bıçaq zərbəsi vurub. Sonra cinayət ortaqları boş maşını uçuruma itələyiblər və cəsədi də onun yanına qoyublar.

Beləliklə, onlar kişinin avtomobil qəzası nəticəsində öldüyü təsəvvürünü yaratmaq istəyiblər.

Mənbə: www.oxu.az