Baş epidemioloq: "Əgər insanlar deyilənlərə əməl etməsələr, virusa yoluxacaqlar"

Baş epidemioloq: "Əgər insanlar deyilənlərə əməl etməsələr, virusa yoluxacaqlar"

Xəbər verdiyimiz kimi, dünən koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olundu. Xəstəliyə son ötən gündə yoluxanların sayı 64 -ə yüksəldi.

Bununla bağlı SONXEBER.AZ-a danışan Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin (ATU) Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev ölkəmizin epidemiya ilə əlaqəli tədbirlərə hər bir ölkədən daha tez başlandığını qeyd edib. O, buna baxmayaraq, bir qrup şəxsin qaydaları pozduğunu bildirib:

"Dövlətimiz tərəfindən bütün lazımı tədbirlə yerinə yetirilir. Digər ölkələrdən fərqli olaraq bizim ölkədə qabaqlayıcı tədbirlərə hamıdan tez başlanılıb. Səhiyyəmizin əlində nə varsa, hamısını əhalinin sağlamlığı xeyrinə sərf edir. Mənim yeganə xahişim budur ki, bizim çəkdiyimiz zəhmətin qarşısında insanlar etik və gigiyenik normalara riayət etsinlər, verilən məsləhətlərin hamısına qulaq assınlar. Əhalimizin bir qrupu qaydaları pozur. Bizim etdiyimiz tədbirlərin hamısı ailənizin, qohumlarınızın, övladlrınızın sağlamlığı üçündür".

Baş epidemioloq ölkədə hazırda pandemiya təhlükəsi olduğunu və bununla bağlı atılan addımların daha da gücləndirildiyini bildirib. Buna səbəb isə qeyd edilən kimi, insanların tövsiyyə və xəbərdarlıqlara riayət etməməsidir:

" Hər bir vətəndaşımız özünü qorumalıdır. Əgər insanlar deyilənlərə əməl etməyəcəklərsə, yoluxacaqlar. Ölkədə pandemiya ilə əlaqəli atılan addımlar güclənir. Çünki əhali buna riayət etmir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müxtəlif qrup insanlar bu qaydaları pozdu. Xahiş edirəm, oturun evlərinizdə. Əgər təkcə koronavirus deyil, hər hər hansı xəstəlik əlaməti hiss edirsinizsə, sahə həkimlərini, təcili tibbi yardımı çağırın. Həkim təyinatından sonra müalicəyə başlayın. İnsanlar qohum, qonşunun sözünə, məsləhətinə qulaq asmasınlar, xəstələniblərsə, xəstəliyi xroniki şəkilə salmasınlar. Qarşıdan yay gəlir. Havaların isinməsilə xəstəlik səngiyəcək, ondan sonra hara istəsələr gedə bilərlər. Bu müddət ərzində küçəyə çıxmaq olmaz, qəti qadağandır".

Qeyd edək ki, Azərbaycan Respublikasında son ötən gündə yeni koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Şəlalə Babayeva
Sonxeber.az

Mənbə: sonxeber.az