Qusarda karantinlə bağlı gücləndirilmiş rejimdə iş gedir

Qusarda karantinlə bağlı gücləndirilmiş rejimdə iş gedir

Evdən küçəyə çıxmağın hər bir vətəndaş üçün təhlükəli olduğunu diqqətə çatdırırlar

Ölkədə yaşanan pandemiya həyəcanı ilə bağlı Qusarda da önəmli tədbirlər görülür.

İstiPress-in şimal bürosunun məlumatına görə, NK yanında Operativ Qərargahın ortaya qoyduğu qayda və qadağalar rayon İH-də yaranan qərargahda gündəlik müzakirə edilir.

Əhalinin bir qisminin qoyulan qadağalara əməl etməməsi, virusun yayılma təhlükəsinin artması ilə əlaqədar qərargahın nəzdində yaradılmış mobil dəstələr bütün rayon ərazisində insanlar arasında geniş izahat işləri aparır, bu kritik günlərdə evdən küçəyə çıxmağın hər bir vətəndaş üçün təhlükəli olduğunu diqqətə çatdırırlar. Qusar rayon polis şöbəsinin əməkdaşları epidemiyanın ilk günlərindən qoyulan tələblərə uyğun gücləndirilmiş rejimdə işləyirlər.

İnsanların xüsusi karantin rejimi qaydalarına əməl etmələrinin intensivliyini artırmaq üçün polis əməkdaşları gün ərzində Qusar şəhəri ərazisində səsgücləndiricilər vasitəsilə əhalini təlimatlandırırlar. İh-də fəaliyyət göstərən mobil qruplarda da təmsil olunan polislər qusarlılara qoyulan qaydalara əməl etməyi tövsiyə edirlər.

Xüsusi karantin rejimilə əlaqədar Qusarın Quba və Xaçmaz rayonları ilə sərhəddə polis postları qoyulub. Qusar istiqamətinə gələn və posta yaxınlaşan sürücülərin əvvəlcə pasport qeydiyyatı yoxlanılır. Qusar qeydiyyatında olan sürücülərə daxil olmağa icazə verilir, qonşu və diğər rayonların sakinləri olan sürücülərə yaşadıqları rayona qayıtmaq tövsiyə edilir.

Qusar polis şöbəsindən əhaliyə bir daha müraciət edilir ki, hökumətin qoyduğu qadağalaf yalnız və yalnız bütün əhalinin təhlükəsizliyinin və sağlamlığının qorunmasına xidmət edir.

Mənbə: istipress.com