Artıq 7 adamın canını almış saxta spirtlər Bakı apteklərinə hansı mənbələrdən daxil olur…

Artıq 7 adamın canını almış saxta spirtlər Bakı apteklərinə hansı mənbələrdən daxil olur…

Adil Qeybulla: “Metil spirti daxili qəbul olunarsa, zəhərlənmə halları qaçılmazdır”

Bakının bir sıra apteklərində tibbi (etil) adı altında metil spirti satılır. Satılan metil spirtindən zəhərlənmə nəticəsində daha iki nəfər ölüb.

Bu günə qədər zəhərlənən 12 nəfərdən yeddisi həyatını itirib. Məlumat üçün bildirək ki, Toksikoloji Mərkəzdə metanoldan beşi ölümcül olmaqla, 11 zəhərlənmə faktı qeydə alınıb.

“Metil spirti yarım fincan qəbul edilsə, ürək-damar və sinir sisteminin iflic edə bilər”

Apteklərdə satılan saxta spirtlərlə bağlı fikir bildirən professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, metil spirti daxili qəbul olunarsa, zəhərlənmə halları qaçılmazdır: “Belə içki qəbulundan sonra başda kəskin ağrılar yaranır, gözlər bərəlir, görmə problemi meydana çıxır, halsızlıq, təzyiqin kəskin düşməsi, soyuq tərbasma halı olur, belə şəxslər dərhal toksikologiya şöbəsinə yerləşdirilməlidirlər. Qan mümkün qədər detoksikasiya olunmalıdır. Əl altında heç nə olmazsa, xəstəyə sistem qoyulmalıdır ki, qan durulaşsın, qandakı toksiki maddələrin konsentrasiyası, xeyli dərəcədə zəhərlənmə faizi aşağı düşsün. Yarım litr natrium xlor damara köçürülür ki, toksiki maddələrin qanda faizi aşağı düşsün. Mədə və bağırsaqların yuyulması da məqsədəuyğundur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, metil spirti yarım fincan qəbul edilsə, ürək-damar və sinir sistemini iflic edə bilər: “Metil spirti daxilə qəbul edildiyi halda, zəruri addımlar atılsa belə, metanoldan zəhərlənənlər mütləq şəkildə toksikoloji mərkəzə müraciət etməlidirlər”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com