Fransada bıçaq hücumu: 2 nəfər ölüb

Fransada bıçaq hücumu: 2 nəfər ölüb

Prokurorlar bildirir ki, Fransanın cənubunda yerləşən Lion şəhərinin cənubunda bir kişi alış-veriş etmək üçün bayıra çıxan sakinlərə bıçaqla hücum edib. Nəticədə iki nəfər ölüb, bir neçə insan yaralanıb. Terrorla mübarizə prokurorluğu Associated Press-ə bildirib ki, hücum yerli vaxtla səhər saat 11:00-da Romans-sur-Isere şəhərində baş verib. Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Prokurorlar onun kimliyini müəyyən etməyib. Onlar onun sənədlərinin olmadığını, lakin əslən Sudandan olduğu və 1987-ci ildə dünyaya gəldiyini bildirib. Prokurorlar Fransa mediasında yaralıların sayının daha çox olduğuna və onlardan üçünün vəziyyətinin kritik olduğuna dair məlumatları təsdiqləməyib.

Onlar həmçinin şübhəli şəxsdin hücumu həyata keçirərkən “Allahu əkbər” deyə qışqırdığına dair məlumatları da təsdiqləməyib.

Prokurorluq hücumun terror məqsədi daşıyıb-daşımadığını araşdırır.

Lion şəhəri Fransanın geri qalan hissəsi kimi koronavirus səbəbilə karantin altındadır. Hücum qurbanları həftəsonu alış-verişi üçün evdən bayıra çıxmışdılar. Ölkə boyu insanlara aralarında iki metrlik məsafə qorumalarına dair göstəriş verilib.

Mediada hücumu edən şəxsin gəzintiyə çıxmış rumıniyalı bir sakinə hücum etdiyini və onun boğazını oğlu ilə sevgilisi önündə kəsdiyinə dair xəbərlər yer almışdı.

Onlar şübhəli şəxsin daha sonra tütün mağazasına daxil olduğunu və orada satıcı ilə iki müştəriyi bıçaqladığını, bunun ardınca qəssabxanaya daxil olduğunu, orada başqa bir bıçaqı əlinə alaraq bir müştəriyə hücum etdiyini və daha sonra supermarketə daxil olduğunu bildirib.

Bəzi alıcılar yaxınlıqdakı çörəkxanada gizləniblər.

Fransada son aylarda bir neçə bıçaq hücumları baş verib. Fransa polisi yanvar ayında Metz şəhərində əlində bıçaq olan və “Allahu əkbər” qışqıran bir kişini güllə ilə vurub yaralamışdı.

İki gün öncə isə Parisdə bir başqa kişi bir nəfəri bıçaqla öldürüb, iki nəfəri yaralamışdı. Daha sonra polis onu güllələyərək öldürmüşdü.

Mənbə: www.amerikaninsesi.org