Türkmənistanda sakinlər etiraz aksiyası keçirdi – ölkədə kəskin ərzaq qıtlığı yarandı

Türkmənistanda sakinlər etiraz aksiyası keçirdi – ölkədə kəskin ərzaq qıtlığı yarandı

Türkmənistanda kəskin ərzaq qıtlığına qarşı keçirilən etiraz aksiyası iştirakçılara un paylamaqla dağıdılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Mənbə bildirir ki, aprelin 3-də Marı şəhərində, şəhərətrafı kəndlərin onlarla sakini Marı bölgəsində dövlət tərəfindən maliyyələşdirilən un və bitki yağının olmamasına etiraz edib.

Etirazçılar bir müddət Marını paytaxt Aşqabadla birləşdirən magistral yolu bağlayıblar və sonra regional idarə binasına tərəf gediblər.

Yerli rəsmilər etirazçılara iki kiloqramlıq paket un paylamağı təşkil etdikdən sonra insanlar dağılıb.

Türkmənistan sakinləri üç ildən artıqdır davam edən ərzaq çatışmazlığından və bahalaşmadan əziyyət çəkirlər. Bu yaxınlarda ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər, Türkmənistanda qida paylama sisteminin işini çətinləşdirib.

Hazırda vətəndaşların bölgələr arasında hərəkəti və avtomobil əlaqəsi praktiki olaraq dayandırılıb və qonşu ölkələrlə sərhədlər bağlanıb.

Türkmənistan Şimali Koreya, Cənubi Sudan və Tacikistan kimi dövlətlərlə yanaşı, koronavirus infeksiyası halları barədə məlumat verməyən ölkələrdən biridir. Orta Asiya ölkəsinin hakimiyyəti bununla birlikdə, yoluxmuş insanların çox olduğu ölkələrdə görülən tədbirlər kimi, infeksiyanın yayılması ilə mübarizə üçün tədbirlər görürlər.

Türkmənistanın bölgədəki koronavirusdan ən çox təsirlənən İran ilə ortaq uzunluğu 1150 kilometr olan bir sərhədi var.

KONKRET.az

Mənbə: konkret.az