İki polisi öldürən şəxs əfv olundu

İki polisi öldürən şəxs əfv olundu

2006-cı ildə Nardaranda iki polis əməkdaşının ölümündə təqsirli bilinən 67 yaşlı Quliyev Hənifə Ələsgər oğlu da əfv edilib.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ona da şamil edilib.

Xatırladaq ki, 2006-cı il yanvarın 25-də Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməliyyat müvəkkilləri Ağayev İlqar Ağəli oğlu, Rəhimov Rövşən Firudin oğlu və polis nəfəri Yusifli Teymur Akif oğlu saat 16 radələrində polis bölməsinə geri qayıdarkən Nardaran qəsəbəsi ərazisində bu qəsəbənin sakinləri Hənifə Quliyev, Həsən Əliməmməd oğlu Əzimov, İlham Hənifə oğlu Quliyev və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qarşılaşmışlar. İlqar Ağayev avtomaşını saxlayıb, polis əməkdaşları olduqlarını söylədikdə, Hənifə Quliyev qəsəbə sakinləri tərəfindən polis əməkdaşlarının Nardarana daxil olmalarının qadağan edildiyini bildirərək onların ünvanına söyüşlər işlətmişdir. O, mübahisə zamanı qəsəbənin hadisə yerinə gələn digər sakinlərini polis əməkdaşları Nardarana daxil olduqlarına görə, onlara müqavimət göstərərək cəzalandırmağa, hətta silah tətbiq etməyə çağırmışdır. Bu zaman Hənifə Quliyevin qeyri-qanuni çağırışını dəstəkləyən Ramiz Məcid oğlu Həsənov, İlham Quliyev, Həsən Əzimov və istintaqa məlum olmayan digər şəxslər özlərində gəzdirdikləri “TT”, “Naqan”, “Makarov” konstruksiyalı tapança və avtomat silahlardan xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarını qəsdən öldürmək məqsədi ilə atəş açmaqla, onların üzərinə hücum etmişlər. Onlar əlbəyaxa zamanı polis zabiti Rövşən Rəhimovu yerə yıxmış və Ramiz Həsənov “Makarov” tipli tapançanı Rövşənin baş nahiyəsinə dirəyərək atəş açıb onu qətlə yetirmişdir.

Hadisənin kəskinləşməsini, hücüm edənlərin əksəriyyətində odlu silah olmasını və çoxsaylı atəşlərin açılmasını görən polis nəfəri Teymur Yusifli yoldaşlarına kömək etmək, onları hadisə yerindən çıxartmaq üçün gəldikləri avtomaşının qapısını açmış və sükan arxasına əyləşmək istədikdə, İlham Quliyev arxadan onu təpiklə vuraraq avtomaşından bayıra çəkərkən cinayətkar qrupun digər üzvü Həsən Əzimov “Naqan” tipli tapançanı Teymurun başına dirəyərək atəş açıb qətlə yetirmək istədikdə, cinayətkarlardan kiminsə “bizimkiləri vurdular” sözlərini eşidib tapançanı polis nəfərinin baş nahiyəsindən çəkərək İlham Quliyevlə birlikdə səs gələn istiqamətə getmiş və özlərindən asılı olmayan səbəblərə görə polis nəfəri T.Yusiflini qətlə yetirə bilməmişlər. Digər polis zabiti İlqar Ağayev onlara hücum edən şəxslərin silahlı olmalarını və atəş açıb Rövşən Rəhimovu qətlə yetirdiklərini görüb, xidməti istifadəsində olan “Makarov” konstruksıyalı silahından bir neçə dəfə havaya atəş açmış və bundan sonra cinayətkarlara qarşı silah tətbiq etmişdir. Əlbəyaxa zamanı açdığı atəşlə hücum edən şəxslərdən Ramiz Həsənovu zərərsizləşdirmiş, o yerində ölmüş və polis zabiti onun qeyri-qanuni gəzdirdiyi “Makarov” konstruksiyalı silahını götürmüşdür. Bu vaxt hücum edən şəxslərdən digəri atəş açaraq İlqar Ağayevi də qətlə yetirmişdir. Polis əməkdaşlarına hücüm edən Nardaran qəsəbə sakinlərindən Quliyev İlham Hənifə oğlu və Əzimov Həsən Əliməmməd oğlu hadisə zamanı güllə xəsarətləri almış və onlar xəstəxanaya yerləşdirilmişlər.

Hadisə yerinə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyi, habelə Bakı Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin, eləcə də Sabunçu Rayon Prokurorluğunun və rayon polis idarəsinin əməkdaşları gəliblər.

Faktla bağlı 2006-cı il yanvarın 25-də Azərbaycan Respublikası CM-nin 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.7-ci və 228.2.1-ci maddələri ilə cinayət işi başlanılmış, Bakı şəhər və Sabunçu rayon prokurorluqlarının, Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmışdır. Hadisə zamanı qətlə yetirilmiş polis əməkdaşları: 1. Sabunçu Rayon Polis İdarəsi 14-cü bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Rəhimov Rövşən Firudin oğlu. 1978-ci il iyunun 5-də Bakı şəhərində anadan olub, subay, ali təhsilli, 1999-cu ildən daxili işlər orqanlarında işləmişdir. 2. Sabunçu Rayon Polis İdarəsi 14-cü bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Ağayev İlqar Ağaəli oğlu. 1970-ci ildə Bakı şəhərində anadan olmuş, ailəli, ali təhsilli, Maştağa qəsəbəsində yaşamışdır. Quliyev Hənifə Ələsgər oğlu Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2006-cı il 9 oktyabr tarixli hökmü ilə məhkum edilib.

Azər İsrafilov

Mənbə: yenisabah.az