Oğlunu və ailəsini güllələyən kişinin məhkəməsi başlayır

Oğlunu və ailəsini güllələyən kişinin məhkəməsi başlayır

Balakən rayonunda adam öldürməyə cəhddə təqsirləndirilən Məhəmməd Bağmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Balakən rayonunun Yeni Şərif kəndində baş verib.

Belə ki, 1958-ci il təvəllüdlü Bağırov Məhəmməd Əhməd oğlu ailə münaqişəsi zəminində oğlu, 1985-ci il təvəllüdlü Bağmanov Əhmədov Məhəmməd oğlundan qisas almaq məqsədi ilə yaşadığı evdən ov tüfəngini götürüb, içərisinə 1 ədəd qırmalı patron yerləşdirərək bir dəfə atəş açıb.

Nəticədə Ə.Bağmanov sağ üz nahiyyəsindən güllə yarası alıb. Bundan başqa, hadisə zamanı Ə.Bağmanovla birgə masa ətrafında əyləşən bacısı, 1980-ci il təvəllüdlü Anarəcəbova Məryəm Məhəmməd qızı, anası, 1968-ci il təvəllüdlü Bicilova Havva Abbas qızı və qızı 2018-ci il təvəllüdlü Bağmanova Xədicət Əhmədov qızı yaralanıb.

Hadisə yerinə baxış keçirilib və faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Mənbə: report.az