Koronavirusa qalib gələn 90 yaşlı qadın sağalmasının sirrini bölüşdü - VİDEO

Koronavirusa qalib gələn 90 yaşlı qadın sağalmasının sirrini bölüşdü - VİDEO

Nyu-Yorkda koronavirusa qalib gələn 90 yaşlı qadın sağalmasının sirri ilə bölüşüb.

Bu barədə “Associated Press” xəbər yayıb.

Anna Fortunato xəstəliyin ilk simptomlarını martın 13-də hiss edib, lakin bunun adi soyuqdəymə olduğunu düşünərək, əhəmiyyət verməyib. Bir neçə gündən sonra vəziyyəti ağırlaşan qadın təcili yardımla xəstəxanaya çatdırılıb.

Təhlillər zamanı onun SARS-CoV-2-yə yoluxduğu məlum olub. Fortunatonun astmadan əziyyət çəkməsi isə onun vəziyyətini daha da ağırlaşdırıb.

İki həftə xəstəxanada yatan qadın malyariya əleyhinə və koronavirusa qarşı effektivliyi hələlik rəsmən təsdiqlənməyən “Hidroksixlorixin” preparatını qəbul edib. 13 gündən sonra isə o, sağalaraq xəstəxanadan evə buraxılıb.

Fortunato tibb işçilərinin onun sağalmasını möcüzə kimi qiymətləndirdiklərini bildirib. Yaşlı qadın koronavirusa yoluxan digər xəstələrə müraciət edərək, onları ümidlərini itirməməyə çağırıb:

“Mübarizə aparın, nikbinliyi itirməyin və dua edin. Həmçinin çarpayıdan qalxın, bütün vaxtınızı uzanmaqla keçirməyin. Əgər mən bacarmışamsa, siz də qalib gələ bilərsiniz”.

Mənbə: www.oxu.az