Bakıda ağır cinayətlərin sayı azalıb

Bakıda ağır cinayətlərin sayı azalıb

Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə ağır cinayətlərin sayı azalıb.

Paytaxtda aprel ayının əvvəllərindən bəri, xoşbəxtlikdən, heç bir qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd baş verməyib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Aprelin ilk ongünlüyündə Bakıda bir nəfərə ağır bədən xəsarəti yetirmə, bir zorlama, iki soyğunçuluq, iki hədə-qorxu yolu ilə tələb və üç qarət hadisəsi qeydə alınıb.

Qeyd edək ki, mart ayında Bakıda dörd qətl və bir adam ölürməyə cəhd, fevralda üç qətl və iki adam ölürməyə cəhd, yanvarda dörd qətl və üç adam öldürməyə cəhd hadisəsi baş verib.

Azalma bütün növ cinayətlər üzrə müşahidə olunur. Küçələrdə post-patrul mühafizəçilərinin artması və vətəndaşların karantinə riayət etməsi (daim evlərdə olmaları) oğruların şəxsi və dövlətə məxsus əmlakı oğurlamasına imkan vermir. Nəticədə, oğurluqların sayı iki dəfə azalıb.

Qeydə alınan oğurluqların əksəriyyəti paytaxtın Suraxanı, Binəqədi, Xəzər və Yasamal rayonlarının payına düşür.

Lakin hüquq-mühafizə orqanları əməkdaşlarının qeyd etdiyi kimi, məişət münaqişələrinin sayı artıb.

Ailələrin uzun müddət özünütəcrid vəziyyətində qalması insanların psixi vəziyyətinə mənfi təsir göstərir, onları əsəbiləşdirir, qıcıqlandırır və münaqişələrə gətirib çıxarır. Xoşbəxtlikdən, vətəndaşların şikayətini qəbul edən polis əməkdaşları vəziyyəti vaxtında həll edə bilirlər.

Mənbə: www.oxu.az