Azərbaycanda sosial şəbəkələrdə “Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyeva ilə bağlı ciddi ittihamlar irəli sürülür. İddialara görə, Əliyeva rəsmi tibbi təhsil almadan estetik əməliyyatlar aparır və bu fəaliyyət nəticəsində bir nəfər həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataşova öz sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Gülsüm Əliyeva uzun müddət Respublika Klinik Xəstəxanasında baş həkimin katibəsi vəzifəsində çalışıb. Vüsal adlı bir şəxslə tanışlığından sonra isə özünü həkim kimi təqdim etməyə başlayıb.
Səhiyyə Nazirliyinin məlumat bazasında Gülsüm Əliyeva həkim kimi qeydiyyatda deyil. Türkiyənin rəsmi təhsil sistemində də onun adına rast gəlinmir.
Əldə edilən sənədlərə görə, Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən VMR Estetik Klinikasında liposaksiya əməliyyatı aparıb. Həmin əməliyyat zamanı Gülbəniz Bayramova adlı şəxsin həyatını itirdiyi bildirilir. Sənədlərdə əməliyyatın birbaşa Gülsüm Əliyeva tərəfindən həyata keçirildiyi qeyd edilsə də, hazırda bu faktlar müxtəlif səbəblərlə gizlədilir və onun adı rəsmi sənədlərdə keçmir.
Eyni zamanda, Rusiya vətəndaşı olan Zarina Minakovskaya adlı bir şəxsin də Gülsüm Əliyeva ilə bağlı şikayəti olduğu bildirilir. Məlumata görə, Zarina xanımın paylaşım etməməsi üçün təzyiqlə qarşılaşması da narahatlıq doğuran digər bir məqamdır”, - Ataşova bildirib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlamışıq.
Mənbə: axar.az