Azərbaycanda zəlzələ riski var – “Təcili vəziyyət planı” hazırlayın

Azərbaycanda zəlzələ riski var –

İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ Azərbaycanda da narahatlıqla qarşılanıb. Xüsusilə bir neçə gündür, afterşokların davam etməsi təşviş yaradıb. Bildirilir ki, ölkəmiz də seysmik aktiv zonada yerləşir və hər şeyə hazırlıqlı olmaq lazımdır.

Azərbaycan üçün hər hansı təhlükə varmı?

Ekoloq Cəmşid Bəxtiyar deyib ki, Türkiyədə afterşokların davam etməsi ehtiyatlı olmağı zəruri edir:

“Azərbaycanın müəyyən bölgələrində zəlzələ riski var. Amma bunu adi nəzəriyyə ilə proqnozlaşdırmaq çətindir. Sesmoloji Xidmət Mərkəzinin məlumatlarına etibar etməliyik. Ümumiyyətlə, Bakıda və Abşeron yarımadasında seysmik risk nisbətən aşağı olsa da, sıfır deyil. Paytaxtdakı bəzi köhnə tikililər – əsasən, 1980-ci ildən əvvəl tikilmiş binalar üçün zəlzələ riski nəzərə alınmalıdır. Zaqatala, Balakən, Qax Azərbaycanın ən yüksək seysmik aktiv bölgələridir. Şəki, Oğuz, İsmayıllı və ətraf ərazilərdə də zəlzələ riski var. Qərb bölgəsində də – Gəncə, Şəmkir, Tovuzda müəyyən seysmik aktivlik mövcuddur”.

ekoloq

Cəmşid Bəxtiyar

Ekoloq bildirib ki, seysmik aktivlik sıralamasında növbəti yeri cənub bölgələrimiz tutur:

“Şirvan və Salyan ətrafı isə nisbətən orta riskli zonalardır. Qarabağ bölgəsi və Şərqi Zəngəzurun bəzi hissələri – əsasən, Kəlbəcər və Laçın seysmik baxımdan aktiv ərazidir. Panikaya heç bir əsas olmasa da, insanları tam arxayınlaşdırmaq üçün də səbəb və dəlillər yoxdur. Yaxşı olar ki, hər kəs evində təcili vəziyyət planı hazırlasın. Hər hansı zəlzələ baş verərsə, bu plan üzrə hərəkət etsin. Hər ehtimala qarşı, evdə təhlükəsiz yerləri müəyyənləşdirmək, məsələn, möhkəm stol altı, daşıyıcı divarlara yaxın yerləri təyin etmək lazımdır. İnsanların öz fövqəladə çantası (su, yemək, dərman, fənər və sair) olmalıdır”.

Günay Rəsulqızı

Mənbə: globalinfo.az