“Binamızın girişi avtomobillərlə bağlanıb. Sakinlər, xüsusilə, uşaq arabası ilə içəri daxil ola bilmirlər. Həmçinin binanın yanğın təhlükəsizliyi tələblərə cavab vermir”.
Bu iddia ilə “Qafqazinfo”ya Bakının Xətai rayonu Xudu Məmmədov küçəsi 43C ünvanında yerləşən “Şərur MTK”ya məxsus yaşayış binasının bir qrup sakini müraciət edib.
Onların sözlərinə görə, dəfələrlə problemlərlə bağlı müraciət etsələr də, aradan qaldırılmayıb: “Bütün blokların qabağı bağlıdır, camata hərəkət edə bilmir. Həmçinin binada yanğın təhlükəsizliyi qorunmur. Əgər yanğın olsa, onun üçün nəzərdə tutulmuş kranlarda su yoxdur. Yanğınsöndürmə şitləri boşdur. Dəfələrlə müraciət etsək də, əncam çəkən yoxdur”.
Yaranmış problemlə bağlı “Şərur MTK”nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova ilə əlaqə saxladıq. O, yanğın təhlükəsizliyi sisteminin yaxşılaşdırılması məqsədilə iş aparıldığını dedi: “Həmin ünvanda təhlükəsizlik sisteminin daha da keyfiyyətli olması məqsədilə bir sıra işlər gedir. Podratçı şirkət tərəfindən şlanklar götürülüb yenisi ilə əvəz olunacaq. Artıq yenisi alınıb, binanın zirzəmisindədir, gedib baxa da bilərlər. Oğurluq hallarının qarşısının alınması üçün müvafiq tədbirlər görülür ki, bura da domofonlar da daxildir. Çox qısa müddətdə işlər yekunlaşdırılıb öz həllini tapacaq”.
Maşınların giriş-çıxış yolunu bağlaması haqda suala isə mətbuat katibi belə cavab verib: “Qaldı ki, həyətdə maşınların olmasına, insanlar yaşadığı binanın qarşısında maşın saxlamaq ixtiyarında deyil? MTK gedib sakinlərin maşınlarını həyətdən çıxaracaq? Bu sakinin özü yəqin maşınsızdır. Sual vermək istəyirəm, hansısa bir yerə qonaq gedəndə maşını harada saxlamalıyıq? Və ya evimizə gəlirik, maşını başqa bir ərazidə saxlamalıyıq ki?!”
Gülnar Əliyeva
Mənbə: qafqazinfo.az