Təbrizdə 3 siyasi fəal Mehdi Səidi Səxa, Məcid Zəbihi və Əfşin Bərzigər Cəmşidi həbsə məhkum edilib.
İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, Təbriz İnqilab Məhkəməsi hər üç siyasi fəalı İran Xalq Mücahidləri Təşkilatı ilə əməkdaşlıqda və sistemə qarşı təbliğat aparmaqda günahlandıraraq, ümumilikdə 4 il iki ay həbsə məhkum edib.
Bildirilir ki, üç müttəhimdən ikisi, yəni Mehdi Səidi Səxa və Məcid Zəbihi keçmiş siyasi fəal olaraq, 1980-ci illərdə siyasi görüşlərinə görə həbs edilərək bir neçə il həbsdə saxlanılıblar.
Yayılan məlumata əsasən, hər üç fəal bir neçə ay əvvəl Təbrizin ETTELAAT idarəsinin əməkdaşları tərəfindən həbs olunsalar da, az sonra onlar mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdılar.
Qeyd edilir ki, həbs edilərkən hər üç siyasi fəalın mənzilində yolxlama aparılmış, onlara məxsus noutbuklar, kitablar və bir sıra digər şəxsi əşyaları götürülmüşdü.
Mənbə: www.gunaz.tv