Şəmkirdə narkotik alverçiləri saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə APA-nın yerli bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Beləki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Möhsün Hacıkişiyev və əvvəllər məhkum olunmuş Zakir Əmiraslanov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman M. Hacıkişiyevin üzərindən 2 ədəd kağız bükümdə çəkisi 1.164 qram narkotik vasitə olan “heroin”, Z. Əmiraslanovun üzərindən isə 1 ədəd sellofan bükümdə çəkisi 0.478 qram narkotik vasitə olan “heroin” aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri, əvvəllər dəfələrlə məhkum olunmuş Ramiz Əliyevin olduğu müəyyən edilib. RPŞ-də onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 1 ədəd kağız bükümdə təmiz çəkisi 4.809 qram “heroin” aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı R.Əliyev narkotik vasitələri satmaq məqsədi ilə İlham adlı İmişli rayon sakinindən aldığını bildirib. Şəmkir və İmişli rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İlham Qəhrəmanov saxlanılaraq İmişli rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman çəkisi 17 qram narkotik vasitə olan “heroin” aşkar olunub.

Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Vatikanda muzeylər açılır

SONRAKI XƏBƏR

“DOST vətəndaş-dövlət münasibətlərinin inkişafına öz töhfəsini verir”